Proqnoz bazarları platforması Kalshi birjaya çıxmaq üçün ilkin hazırlıqlara başlayıb. The Information nəşrinin məlumatına görə, şirkət IPO (İlkin Kütləvi Səhm Təklifi) ilə bağlı bir sıra investisiya bankları ilə qeyri-rəsmi danışıqlar aparır.
Məlumata əsasən, Kalshi-nin illik gəlirlərinin 2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Müqayisə üçün, Wall Street Journal 2026-cı ilin martında bu göstəricinin təxminən 1,5 milyard dollar olduğunu bildirmişdi.
Şirkət may ayında 22 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib. İnvestisiya raunduna Coatue rəhbərlik edib, raundda Sequoia Capital, Andreessen Horowitz, IVP, Paradigm, Morgan Stanley və ARK Invest də iştirak ediblər.
2018-ci ildə fəaliyyətə başlayan Kalshi son bir ildə sürətlə böyüyüb. Şirkət 2025-ci ildə bir neçə investisiya raundu keçirərək dəyərləndirməsini 2 milyard dollardan 11 milyard dollara yüksəltmişdi. Hazırda isə bu göstərici 22 milyard dollara çatıb.
