Az | EN

Renault hərbi dron istehsalına başlayır

Cəmil Hüseynzadə
18 İyun 2026 13:54
44 baxış
Renault hərbi dron istehsalına başlayır

Fransanın avtomobil nəhəngi Renault müdafiə texnologiyaları şirkəti Thales ilə əməkdaşlığa başlayaraq hərbi dron istehsalına girişir. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, Renault Thales tərəfindən hazırlanmış Toutatis kamikadze dronlarını öz zavodlarından birində istehsal edəcək.

Məlumata görə, istehsalın 2027-ci ildən etibarən ayda 1000 ədədə çatdırılması planlaşdırılır. Dronların əsasən xarici bazarlara ixrac olunacağı bildirilir.

Razılaşma Paris yaxınlığında keçirilən Eurosatory beynəlxalq müdafiə sərgisində elan olunub. Bu, Renault və Thales arasında müdafiə sahəsində ikinci böyük əməkdaşlıqdır. Tərəflər hazırda hərbi nəqliyyat vasitəsinin hazırlanması üzərində də birgə çalışırlar.

Thales-in baş icraçı direktoru Patris Keyn bildirib ki, layihə son illərdə müxtəlif münaqişə zonalarında, xüsusilə Ukrayna müharibəsində müşahidə olunan hərbi ehtiyaclar nəzərə alınaraq hazırlanıb. Onun sözlərinə görə, hədəf üzərində dövrə vuraraq zərbə endirən kamikadze dronlar müasir müharibələrin əsas elementlərindən birinə çevrilib.

Renault rəhbəri Fransua Provost isə qeyd edib ki, şirkətin sənaye və istehsal təcrübəsi dronların daha sürətli və aşağı maya dəyəri ilə istehsalına imkan verəcək. Hazırda Thales ildə təxminən 100 Toutatis dronu istehsal edir. Yeni tərəfdaşlıq nəticəsində istehsal həcmi kəskin şəkildə artırılacaq.

Şirkətlər bildirirlər ki, istehsal prosesində 3D çap texnologiyasından daha genişmiqyaslı plastik qəlibləmə üsuluna keçid ediləcək. Bununla yanaşı, dronun konstruksiyasında dəyişikliklər edilərək hissələrin sayı təxminən 40% azaldılacaq ki, bu da xərclərin aşağı düşməsinə şərait yaradacaq.

Fransada hələlik bu dronların böyük həcmdə alınması ilə bağlı plan açıqlanmasa da, şirkətlər beynəlxalq bazarlarda ciddi tələbatın olduğunu vurğulayırlar.

Renault paralel olaraq digər müdafiə layihələri üzərində də işləyir. Şirkət Turgis Gaillard ilə uzun mənzilli dron hazırlayır və ilin sonuna qədər ilk prototipin təqdim olunması gözlənilir. Bundan sonra Le Man şəhərində yerləşən zavodda ayda 600 dron istehsal edilməsi planlaşdırılır.

Bununla yanaşı, Renault Belçikanın John Cockerill şirkəti ilə yerüstü pilotsuz hərbi platformaların hazırlanması istiqamətində də əməkdaşlıq edir.

Ekspertlər hesab edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropada müdafiə xərclərinin sürətlə artması fonunda avtomobil istehsalçılarının hərbi sənayeyə daxil olması gələcək illərdə daha da genişlənəcək.

© copyright 2022 | tech.az | info@tech.az