Az | EN

Adobe Creative Cloud tətbiqlərində süni intellekt köməkçilərinin sınağına başladı

Cəmil Hüseynzadə
19 İyun 2026 11:16
62 baxış
Adobe Creative Cloud tətbiqlərində süni intellekt köməkçilərinin sınağına başladı

Adobe şirkəti Creative Cloud ekosistemində yer alan bir neçə məşhur proqram üçün süni intellekt (Sİ) köməkçilərinin açıq beta testinə start verib. Yeni funksiyalar hazırda Photoshop, Premiere Pro, Illustrator, InDesign və Frame.io tətbiqlərində istifadəçilərin ixtiyarına verilir.

Məlumata görə, Sİ köməkçiləri iş prosesinin təşkilini sadələşdirmək və hər bir proqram üçün spesifik tapşırıqları avtomatlaşdırmaq məqsədi daşıyır. Bu addım Adobe-nin süni intellekt əsaslı assistentləri bütün əsas məhsullarına inteqrasiya etmək strategiyasının bir hissəsidir.

Yeni sistem vahid danışıq agenti üzərində qurulsa da, hər tətbiqdə ayrıca ixtisaslaşmış köməkçi kimi fəaliyyət göstərir. Məsələn, Premiere Pro-dakı assistent video montaj prosesini anlayır, Photoshop-dakı versiya isə şəkil redaktə alətlərinə uyğun işləyir. İstifadəçilər adi dildə istəklərini yazaraq layihələr üzərində əməliyyatlar həyata keçirə bilirlər.

Premiere Pro-da süni intellekt çəkilmiş materialları avtomatik qovluqlara ayırır, videoları yenidən adlandırır və səs yazılarındakı açar sözləri müəyyən edərək montaj xəttində markerlər yaradır. Sistem həmçinin videonun ilkin qaralama versiyasını hazırlamaq imkanına malikdir.

Photoshop-da isə istifadəçi istədiyi nəticəni mətn şəklində təsvir etməklə şəkilləri redaktə etdirə bilər. Süni intellekt layları təşkil edir, fonu dəyişdirir və digər əməliyyatları avtomatik yerinə yetirir. Bu köməkçi əvvəllər Photoshop-un veb və mobil versiyalarında təqdim edilmişdi, indi isə masaüstü versiyada da istifadəyə verilib.

Adobe nümayəndələrinin sözlərinə görə, məqsəd hər bir yaradıcı mütəxəssisi bütün platformalarda və tətbiqlərdə tapşırıqların icrasında dəstəkləyə bilən rəqəmsal assistentlə təmin etməkdir.

Qeyd edək ki, Adobe-nin bu addımı yaradıcı proqramlar bazarında rəqabətin artdığı bir dövrə təsadüf edir. Şirkət ödənişli abunə xidmətlərinin dəyərini artırmaq və istifadəçiləri ekosistemdə saxlamaq üçün yeni süni intellekt imkanlarına daha çox üstünlük verir.

© copyright 2022 | tech.az | info@tech.az