İsveçdə fəaliyyət göstərən fintex xidməti “Klarna Group”, ilkin kütləvi təklif (IPO) yolu ilə 1.37 milyard dollar vəsait cəlb edib. Bu barədə "Bloomberg" məlumat yayıb. Ümumilikdə, "Klarna" və onun səhmdarları hər bir səhmi 40 dollara olmaqla 34.3 milyon səhm satıblar. "CNBC"nin qeyd etdiyi kimi, toplanan vəsaitdən 1.17 milyard dolları səhmdarlar, 200 milyon dolları isə "Klarna"nın özü alacaq.
"Bloomberg"in hesablamalarına görə, IPO-dan sonra "Klarna"nın bazar dəyəri təxminən 15.1 milyard dollara çatıb. Şirkət əvvəlki illərdə Avropanın ən bahalı startaplarından biri hesab olunurdu. Məsələn, 2021-ci ildə onun dəyəri 45.6 milyard dollar qiymətləndirilsə də, 2022-ci ildə bu dəyər yeddi dəfə azaldılaraq 6.7 milyard dollara düşmüşdü.
ABŞ-nin IPO bazarında son dövrlərdə əhəmiyyətli canlanma müşahidə olunur. 2025-ci ilin əvvəlindən etibarən ABŞ birjalarında ilkin kütləvi təkliflərdən əldə olunan vəsaitlər, keçən ilin eyni dövrü ilə müqayisədə 4 milyard dollar artaraq 24.4 milyard dollara çatıb.
Klarnadan başqa, kriptovalyuta birjası “Gemini Space Station”, qəhvəxana şəbəkəsi “Black Rock Coffee Bar” və mühəndislik şirkəti “Legence” də bu həftə IPO keçirənlər arasındadır.