Az | EN

Mıra Murati Sİ Modellərinin İnkişafı Üzrə Layihəyə Başlayıb

Nigar Sultanli
11 Sentyabr 2025 14:09
70 baxış
Mıra Murati Sİ Modellərinin İnkişafı Üzrə Layihəyə Başlayıb

Mira Murati-nin rəhbərlik etdiyi Thinking Machines Lab, 2 milyard dollarlıq ilkin maliyyə dəstəyi ilə başladığı layihələrdən birinə ilk dəfə aydınlıq gətirib. Şirkət bloqunda dərc olunan yazıda, süni intellekt modellərinin cavablarının daha tutarlı və təkrarlana bilən olmasını təmin etmək üzərində işlədikləri bildirilir.

Hazırda, ChatGPT kimi Sİ modellərinə eyni sualı bir neçə dəfə verdikdə, fərqli cavablar almaq adi haldır. Bu, Sİ sahəsində bir növ qəbul edilmiş faktdır, çünki modellər "qeyri-deterministik sistemlər" kimi qəbul edilir. Lakin Thinking Machines Lab bu problemi həll oluna bilən bir məsələ kimi görür.

Thinking Machines Lab tədqiqatçısı Horace He-nin qələmə aldığı məqalədə, Sİ modellərindəki bu qeyri-müəyyənliyin əsas səbəbinin GPU (qrafik prosessor) nüvələrinin — yəni, Nvidia çiplərinin daxilində çalışan kiçik proqramların — bir-biri ilə necə əlaqələndirilməsindən qaynaqlandığı irəli sürülür. Horace He-yə görə, bu idarəetmə təbəqəsinə diqqətlə nəzarət etməklə AI modellərini daha tutarlı etmək mümkündür.

Bu isə yalnız müəssisələr və elm adamları üçün daha etibarlı cavablar yaratmaqla yanaşı, həm də gücləndirilmiş öyrənmə (reinforcement learning - RL) prosesini təkmilləşdirməyə kömək edə bilər. RL, Sİ modellərinin düzgün cavablara görə mükafatlandırılması prosesidir, lakin cavablar fərqli olduqda verilənlərin keyfiyyəti aşağı düşür. Daha tutarlı cavablar bu prosesi daha "hamar" edə bilər.

OpenAI-ın keçmiş texniki direktoru olan Mira Murati, Thinking Machines Lab-ın ilk məhsulunun yaxın aylarda təqdim ediləcəyini və bunun "fərdi modellər inkişaf etdirən tədqiqatçılar və startaplar üçün faydalı olacağını" bildirmişdi. Hələ ki, həmin məhsulun nə olacağı, yaxud bu tədqiqatın nəticələrindən istifadə edib-etməyəcəyi dəqiq deyil.

Şirkət həmçinin, öz tədqiqatları haqqında mütəmadi olaraq bloq yazıları, kod və digər məlumatlar yayımlamağı planlaşdırır. Bu, "ictimaiyyətə fayda vermək və öz tədqiqat mədəniyyətlərini inkişaf etdirmək" məqsədi daşıyır. Bu yaxınlarda yayımlanan bloq yazısı da bu strategiyanın bir hissəsi kimi görünür. Vaxtilə OpenAI də oxşar açıq tədqiqat siyasəti yürütsə də, zamanla daha qapalı bir şirkətə çevrilib. Mira Muratinin laboratoriyasının bu vədinə sadiq qalıb-qalmayacağını isə zaman göstərəcək.

© copyright 2022 | tech.az | info@tech.az