Cənubi Koreyanın LG AI Graduate School ali təhsil müəssisəsi doktorantura proqramının açılması üçün rəsmi icazə alıb. Bununla da məktəb avqust ayında təsdiqlənmiş magistr proqramı ilə yanaşı, təhsil imkanlarını genişləndirib.
LG Group-un dəstəyi ilə fəaliyyət göstərən və Cənubi Koreya Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş məktəb hər il 25 magistr və 5 doktorantura tələbəsi qəbul edəcək.
Magistr proqramı 3 semestr davam edir. Doktorantura proqramı isə ən azı 3 il nəzərdə tutulur və namizədlərdən ən azı bir SCI səviyyəli elmi məqalə dərc etmək və ya beynəlxalq elmi konfransda tədqiqat təqdim etmək tələb olunur.
LG AI Graduate School eyni zamanda Seul Milli Universiteti və KAIST kimi aparıcı ali təhsil müəssisələri ilə birgə proqramlar həyata keçirəcək. Bu proqramlar əsasən generativ süni intellekt və fiziki AI tətbiqləri üçün iri miqyaslı fundamental modellər üzərində cəmlənəcək.
Qeyd edək ki, doktorantura proqramının rəsmi açılış mərasimi mart ayında keçirilməsi planlaşdırılır.
