LinkedIn-in baş direktoru Ryan Roslanski bildirib ki, süni intellektin (Sİ) istifadəçilərin postlarını yaxşılaşdırmaq üçün təqdim etdiyi təkliflər gözlənildiyi qədər populyar olmayıb. O, bunun səbəbini LinkedIn-in istifadəçilər tərəfindən “rəqəmsal rezyume” kimi qəbul olunması və süni intellektlə yaradılmış mətnlərin karyeraya mənfi təsir göstərmək riskindən qorxmaları ilə izah edib.
Roslanski Bloomberg-ə verdiyi müsahibədə deyib: “Əgər siz TikTok və ya X platformasında tənqid olunursunuzsa, bu başqa məsələdir. Lakin LinkedIn-də tənqid olunmaq sizin iqtisadi imkanlarınıza ciddi təsir göstərə bilər.”
Buna baxmayaraq, süni intellektə maraq artmaqdadır. LinkedIn CEO-su bildirib ki, keçən il ərzində süni intellekt bacarıqları tələb edən iş yerlərinin sayı altı dəfə artıb, eyni zamanda istifadəçilər profilinə bu bacarıqları əlavə etmə sayında 20 dəfəyə qədər artım müşahidə olunub.
Ryan Roslanski özü də Microsoft-un baş direktoru Satya Nadella ilə yazışmalarında süni intellektdən istifadə edir və deyir: “E-poçt göndərmədən əvvəl həmişə Copilot düyməsini sıxıram ki, səsim Satya kimi ağıllı səslənsin.”
Qeyd edək ki, 2023-cü ildə LinkedIn GPT-4 və GPT-3.5 əsasında yaradılan generativ süni intellekt funksiyalarını təqdim etmiş, istifadəçilərə rezyumelərini yaratmaq və iş elanları hazırlamaq imkanı vermişdi. 2024-cü ildə isə bu imkanlar genişləndirilib və istifadəçilər indi rezyumelərini redaktə edə və süni intellekt köməkçisindən məsləhət ala bilirlər.