İsveç mərkəzli, süni intellektlə dəstəklənən kodlama startapı Lovable, qurulmasından cəmi 8 ay sonra “unicorn” statusuna yüksəlib. Şirkət Accel fondunun rəhbərlik etdiyi Seriya A investisiya turunda 200 milyon dollar cəlb edib və 1.8 milyard dollar dəyərində qiymətləndirilib.
Lovable istifadəçilərə yalnız təbii dil vasitəsilə veb saytlar və tətbiq prototipləri yaratmaq imkanı verir. Heç bir texniki bilik tələb etməyən bu platforma, ideyaların tez vizuallaşdırılmasına və məhsulların daha sürətli şəkildə həyata keçirilməsinə şərait yaradır.
Startap fevral ayında Creandum liderliyində 15 milyon dollarlıq ilkin investisiya turunu tamamlamış, cəmi 2 milyon dollar xərclə 17 milyon dollar illik gəlir (ARR) və 30 min abunəçi qazandığını açıqlamışdı.
Şirkətin CEO-su Anton Osika, iyulun əvvəlində illik təkrarlanan gəliri (ARR) 75 milyon dollara çatdırdıqlarını və hazırda 2.3 milyon istifadəçi, onlardan 80 mininin ödənişli abunəçi olduğunu bildirib. Bu göstəricilər Lovable-ı Avropanın ən sürətlə böyüyən startaplarından birinə çevirib.
Cəmi 45 nəfərlik komanda ilə unicorn səviyyəsinə çatan startapın investorları arasında Klarna CEO-su Sebastian Siemiatkowski, Remote CEO-su Job van der Voort, Slack-ın həmtəsisçisi Stewart Butterfield və HubSpot həmtəsisçisi Dharmesh Shah yer alır.
Lovable-ın növbəti hədəfi, istifadəçilərə yalnız prototip deyil, tam funksional və kommersiya baxımından istifadə oluna bilən tətbiqləri də birbaşa platforma üzərindən yaratmaq imkanı təqdim etməkdir.