Meta şirkətinin baş direktoru Mark Zukerberq süni zəka sahəsində gözləntilərin tam qarşılanmamasından narazı qalaraq yeni bir strateji hədəf müəyyən edib: süni ümumi zəkanın (Artificial General Intelligence – AGI) inkişaf etdirilməsi. Bu məqsədlə o, son həftələrdə Kaliforniyada yerləşən şəxsi evlərində – Lake Tahoe və Palo Altoda – qabaqcıl süni zəka tədqiqatçıları və mühəndislərlə şəxsi görüşlər keçirib.
Zukerberq Meta daxilində “süperzəka komandası” adlandırılan bu xüsusi qrupun yaradılmasını şəxsi prioritetə çevirib. Məlumata görə, o, təxminən 50 nəfərlik yüksək ixtisaslı mütəxəssisin seçilməsində şəxsən iştirak edir və bu komandanın üzvlərinin Meta-nın Menlo Parkdakı qərargahında onunla eyni məkanda işləməsini istəyir.
Bu təşəbbüs Meta-nın indiyə qədərki ən böyük investisiya addımlarından biri hesab edilən Scale AI şirkəti ilə planlaşdırılan əməkdaşlıqla paralel aparılır. Model təlimi üçün məlumat xidmətləri təqdim edən Scale AI-nın təsisçisi Aleksandr Vanq razılaşma yekunlaşdıqdan sonra sözügedən komandaya qoşulacaq.
İnformasiya texnologiyaları sahəsindəki mənbələrin bildirdiyinə görə, son iki ayda Zukerberq şirkət daxilində “təsisçi rejiminə” keçib və idarəetmədə daha fəal mövqe tutmağa başlayıb. Onun süni zəkanı Meta-nın əsas strateji prioritetinə çevirdiyi vurğulanır.
Meta-nın rəsmi nümayəndələri isə bu planlarla bağlı ictimaiyyətə açıqlama verməkdən çəkiniblər.