İlon Maskın süni intellekt şirkəti xAI və X platforması, texnologiya nəhəngləri Apple və OpenAI-a qarşı məhkəmə iddiası qaldırıb. İddiaya əsasən, bu iki şirkət bazarda rəqabəti azaltmaq üçün qeyri-qanuni şəkildə gizli sövdələşmələr aparır.
İddianın əsas arqumenti budur: Apple smartfon bazarındakı gücünü qorumaq üçün rəqabətə ən çox maneə törədən OpenAI ilə əməkdaşlıq edir. Beləliklə, onlar birgə hərəkət edərək süni intellekt sahəsindəki inkişafın qarşısını alırlar. Məhkəmə sənədlərində Apple-ın ChatGPT-ni öz sistemlərinə daxil etməsi bu əməkdaşlığın sübutu kimi göstərilir.
Bu məhkəmə işi, İlon Mask və OpenAI-ın rəhbəri Sem Altman arasında uzun müddətdir davam edən gərgin münasibətlərin davamıdır. Bir vaxtlar OpenAI-ın qurucularından olan İlon Mask, şirkətin kommersiya məqsədlərinə yönəlməsinə qarşı çıxmışdı.
Xatırladaq ki, İlon Mask bir müddət əvvəl X-də Apple və OpenAI-ın anlaşmasını tənqid edərək, OpenAI-dan başqa heç bir süni intellekt şirkətinin App Store-da ən populyar proqramlar sırasına düşə bilməyəcəyini iddia etmişdi.