Az | EN

Məktəbli gənc Minecraft yarış platforması hazırlayıb

Nigar Sultanli
24 Mart 2025 11:54
74 baxış
Məktəbli gənc Minecraft yarış platforması hazırlayıb

12-ci sinif şagirdi Adi Sing süni intellektin imkanlarını yoxlamaq üçün maraqlı layihə yaradıb. O, Minecraft oyunundan istifadə edərək süni intellekt modellərini tikinti yarışına çıxarır. Bu məqsədlə MC-Bench adlı veb sayt hazırlayıb. Saytda müxtəlif süni intellekt modelləri eyni tapşırığı yerinə yetirir və istifadəçilər bu tikililərə baxaraq hansının daha yaxşı olduğunu seçir. Səsvermədən sonra istifadəçilər hansı tikilini hansı modelin etdiyini görə bilirlər.

Adi Sing bu layihəni yaratmasının səbəbini belə izah edir: Minecraft dünyanın ən məşhur oyunlarından biridir və çox insan bu oyunun quruluşlarına bələddir. Oyunu oynamayanlar belə, hansı tikilinin daha yaxşı göründüyünü asanlıqla seçə bilirlər. Məsələn, iki süni intellekt modelindən biri ananas tikirsə, insanlar hansı ananasın daha düzgün və real göründüyünü rahatlıqla müəyyən edə bilirlər.

MC-Bench veb saytı süni intellekt modellərinin kod yazaraq tapşırıqları yerinə yetirməsi üzərində qurulub. Məsələn, modellərə "Frosty adlı qardan adam tik" və ya "tropik çimərlikdə gözəl bir daxma qur" kimi tapşırıqlar verilir. Süni intellektlər bu tapşırıqları kod vasitəsilə yerinə yetirir və nəticədə ortaya çıxan tikililər saytda istifadəçilərə təqdim olunur. İstifadəçilər isə bu tikililərə baxıb ən yaxşısını seçirlər.

Hazırda layihədə səkkiz nəfər könüllü işləyir. Böyük texnologiya şirkətləri – Anthropic, Google, OpenAI və Alibaba – layihənin bəzi texniki xərclərini qarşılayır, amma layihə ilə birbaşa əlaqələri yoxdur.

Adi Sing gələcəkdə layihəni daha mürəkkəb və çətin tapşırıqlarla genişləndirməyi planlaşdırır. Onun fikrincə, oyunlar süni intellektin düşünmə və qərarvermə bacarığını yoxlamaq üçün ideal mühitdir. Minecraft kimi oyunlar real həyatdan daha təhlükəsiz və idarə edilə bilən olduğu üçün süni intellektlərin məntiqi və yaradıcı bacarıqlarını sınaqdan keçirmək üçün əlverişlidir.

Bu cür yanaşma süni intellektin əsl imkanlarını daha yaxşı göstərir. Məsələn, bəzi süni intellekt modelləri hüquq imtahanlarında yüksək nəticə göstərir, amma sadə sözləri düzgün saymaqda çətinlik çəkirlər. MC-Bench bu modelləri real və vizual tapşırıqlarla sınaqdan keçirərək onların nə qədər bacarıqlı olduğunu aydın şəkildə ortaya qoyur.

Adi Sing hesab edir ki, bu layihə təkcə əyləncə üçün deyil, həm də süni intellektin inkişafını izləmək və qiymətləndirmək üçün faydalı bir vasitə ola bilər.

© copyright 2022 | tech.az | info@tech.az