Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Bu barədə şəbəkənin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, artıq Azərbaycanda “Starlink”in yüksəksürətli və aşağı gecikməli internet xidməti mövcuddur. Vətəndaşlar bu şəbəkəyə qoşulmaq üçün aylıq məbləğin minimum 100 AZN olduğunu, bu səbəbdən yerli provayderlərin də qiymətləri qaldıracağını güman etdiklərini bildiriblər.
Onu da bildirək ki, internet üçün standart “Starlink” modemi 670 AZN, qurğunun çatdırılması isə 50 AZN-dir.
Bu xidmət mobil nömrə, optik xətt olmadan birbaşa peyk vasitəsilə internetə çıxışı təmin edir.
Qeyd edək ki, “Starlink” amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.
Qeyd edək ki, Starlink şirkəti 2022-ci ildə Azərbaycanda ofis açıb. 2022-ci ilin noyabr ayının 1-də Amerikanın peyk internet provayderinin törəmə şirkəti olan “Starlink Azerbaijan” MMC Bakıda qeydiyyatdan keçmişdi. Starlink Azerbaijan şirkətinə Dreyer Lauren Ashley rəhbərlik edəcəkdir. O bu vaxta qədər Starlink şirkətində biznes əməliyyatları üzrə baş direktor vəzifəsində çalışırdı.
“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.