Mercedes-Benz ABŞ bazarında satış məhdudiyyətləri ilə üzləşə bilər. Buna səbəb ABŞ Senatının Ticarət Komitəsinin Çin şirkətlərinin iri paya sahib olduğu avtomobil istehsalçılarına qarşı yeni məhdudiyyətlər nəzərdə tutan qanun layihəsini təsdiqləməsidir.
Layihəyə əsasən, səhmlərinin 15%-dən çoxu Çin şirkətlərinə məxsus olan avtomobil istehsalçılarının ABŞ-də satışına məhdudiyyət tətbiq oluna bilər. Bu kriteriyaya Mercedes-Benz də düşə bilər, çünki Çin investorları şirkətin təxminən 20%-lik səhmlərinə nəzarət edir.
Mercedes-in ən böyük Çin səhmdarları Geely şirkətinin təsisçisi Li Şufu (Eric Li Shufu) və Beijing Automotive Group (BAIC)-dır. Li Şufu investisiya strukturu vasitəsilə şirkətin 9,7%, BAIC isə 9,98% səhminə sahibdir.
ABŞ Senatının Ticarət Komitəsinin sədri Ted Kruz bildirib ki, qanun layihəsi hələ yekun qəbul edilməzdən əvvəl dəyişikliklərə məruz qala bilər. Senator Berni Moreno isə qeyd edib ki, Mercedes-Benz-in yeni tələblərə uyğunlaşması üçün 2030-cu ilə qədər vaxt veriləcək. Onun sözlərinə görə, şirkət müəyyən istisnalar əldə edərək məhdudiyyətlərdən yayınmaq imkanına da malik ola bilər.
Oxşar vəziyyət daha əvvəl Geely-yə məxsus Polestar markası ilə yaşanıb. Şirkətin avtomobillərinin ABŞ-də satışına 2027-ci ildən qadağa qoyulacağı açıqlanıb. Volvo isə əlavə tələblərə əməl etməklə ABŞ bazarında fəaliyyətini davam etdirmək icazəsi əldə edib.
