Silikon Vadisinin ən diqqətçəkən süni intellekt startaplarından olan Higgsfield 3,1 milyon dollarlıq investisiya raundu cəlb edib. Bu, şirkətin böyük A Seriyası öncəsi körpü raundudur.
Müqavilə çərçivəsində MA7 Angels Club vasitəsilə Mərkəzi Asiyadan 50-dən çox investor startapa qoşulub: 3,1 milyon dollar körpü raundunda, əlavə olaraq isə 600 min dollar A Seriyası mərhələsində yatırılıb. Qlobal fondlarla əməkdaşlıq edən belə bir layihəyə fərdi investorların qoşulması region üçün nadir hadisədir.
Higgsfield-in ilk investorlarından biri, layihəyə məhsul mövcud olmadan ideya mərhələsində dəstək verdiyini bildirib. Onun sözlərinə görə, bu sərmayənin əsas dəyəri sindikat modelindədir. Model bir çox biznes mələklərin kapitalını birləşdirərək onların beynəlxalq layihələrə çıxışını təmin edir.
Bu hadisə Mərkəzi Asiyanın beynəlxalq vençur sahəsində getdikcə daha görünən oyunçuya çevrildiyini göstərir. Qeyd edək ki, yaxın günlərdə Higgsfield-in 50 milyon dollarlıq A Seriyası raundu GFT Ventures-in rəhbərliyi, Menlo Ventures və digər nüfuzlu fondların iştirakı ilə elan olunub.