Az | EN

Elektrik və Süni İntellektin oxşar hekayəsi

Nigar Sultanli
18 Sentyabr 2025 14:47
32 baxış
Elektrik və Süni İntellektin oxşar hekayəsi

Gecə parıldayan işıqlara baxa-baxa düşünürəm – bu şəhəri işıqlandıran elektrik XIX əsrdə insanlıq üçün necə bir inqilab idisə, bu gün süni intellekt də bəşəriyyət üçün eyni dərəcədə güclü bir dönüş nöqtəsidir. O zaman insanlar ilk dəfə elektrik lampalarının işığını görəndə heyran qalırdılar – qaranlıq küçələr işıqlanır, fabriklərdə istehsal sürətlənir, həyatın ritmi dəyişirdi. Elektrik yalnız bir texniki kəşf deyildi, insanın düşüncə və davranış tərzini yenidən yazan güc idi.

Elektrik və sənaye inqilabı

XIX əsrdə elektrik işığın, rabitənin və istehsal proseslərinin əsas hərəkətverici qüvvəsinə çevrildi.

Fabriklərdə buxar və kömürdən asılılıq azaldı, elektriklə işləyən maşınlar məhsuldarlığı kəskin artırdı.

Rabitədə telegraf və telefon dünyanı “kiçiltməyə” başladı, insanlar saniyələr ərzində uzaq məsafələrlə əlaqə qura bildilər.

Şəhərlər elektrik işıqları ilə işıqlanaraq daha təhlükəsiz və aktiv gecə həyatına sahib oldular.

Bu dəyişikliklər yalnız iqtisadi deyil, həm də sosial həyatın ritmini dəyişdirdi. İnsan gündəlik davranışlarını elektrikə uyğunlaşdırdı.

Süni intellekt və XXI əsr

Bugün süni intellekt insanlıq üçün eyni funksiyanı daşıyır. Elektrik necə hər bir sahəyə nüfuz edirdisə, süni intellekt də oxşar şəkildə hər sənaye və həyat sahəsini dəyişməyə başlayıb.

Sənayedə süni intellekt istehsal proseslərini optimallaşdırır, məhsuldarlığı artırır və xərcləri azaldır.

Rabitədə və xidmət sektorunda chatbotlar, avtomatlaşdırılmış müştəri dəstəyi və təbii dil emalı insan–texnologiya ünsiyyətini yeni səviyyəyə qaldırır.

Gündəlik həyatda isə Sİ işdən sağlamlığa, təhsildən əyləncəyə qədər hər addımda qarşımıza çıxır.

Oxşarlıqlar

Elektrikin XIX əsrdə yaratdığı transformasiya ilə Süni İntellekt-in bugünkü təsiri arasında bir neçə paralel var:

  • İnfrastruktur dəyişikliyi: Elektrik üçün enerji şəbəkələri lazım idi; AI üçün isə hesablama gücü, bulud infrastrukturu və məlumat bazaları tələb olunur.
  • Yeni peşələr və bacarıqlar: Elektrik mühəndisliyi necə formalaşdısa, indi də Data Scientist, Süni İntellekt mühəndisi və Prompt Engineer kimi peşələr yaranır.
  • Cəmiyyətin uyğunlaşması: Elektrik həyat tərzini dəyişdiyi kimi, AI də iş bazarını, təhsil sistemini və gündəlik davranışları dəyişdirir.

Elektrik həyatın keyfiyyətini artırdı, lakin eyni zamanda bərabərsizliklər də yaratdı – elektrikləşdirilmiş şəhərlər və kəndlər arasında fərq uzun müddət davam etdi. AI də bu gün oxşar təsir göstərir: rəqəmsal bərabərsizlik yaranır. AI-yə çıxışı olan ölkələr və şirkətlər daha sürətli inkişaf edir, digərləri isə geri qalma riski ilə üz-üzədir.

XIX əsrdə elektrik insanlığın həyatını işıqlandıran inqilab oldu. XXI əsrdə isə süni intellekt oxşar inqilab rolunu oynayır – bu dəfə yalnız fabrikləri deyil, beyinləri və qərarvermə proseslərini gücləndirir. Hər iki texnologiya bir daha sübut edir ki, insanın inkişafının əsas şərti yalnız texnologiyanın özü deyil, onun yaradıcı və məsuliyyətli istifadəsidir.

© copyright 2022 | tech.az | info@tech.az