Meta Süni Zəka İnfrastrukturunu Genişləndirmək Üçün 65 Milyard Dollar Yatırım Planlayır
Meta-nın baş direktoru Mark Zukerberq, şirkətin süni zəka infrastrukturunu genişləndirmək məqsədilə bu il 65 milyard dollara qədər yatırım etməyi planlaşdırdıqlarını açıqladı. Bu yatırım, OpenAI və Google kimi rəqiblərlə daha güclü rəqabət aparmaq üçün nəzərdə tutulub.
Şirkət bu yatırım çərçivəsində süni zəka sahəsində yeni iş yerləri yaratmağı və Manhettenin böyük bir hissəsinə bərabər sahəni əhatə edəcək, 2 giqavatdan artıq gücə malik bir məlumat mərkəzi tikməyi planlaşdırır.
Texnologiya nəhəngi və Nvidia çip şirkətinin ən böyük alıcılarından biri olan Meta, ilin sonuna qədər 1,3 milyondan çox qrafik prosessoruna (GPU) sahib olmağı və 2025-ci ildə təxminən 1 giqavat hesablamalı gücü aktivləşdirməyi hədəfləyir.
Zukerberq Facebook-da paylaşdığı bir yazıda bunları qeyd edib:
“Bu il süni zəka üçün həlledici olacaq. Bu, möhtəşəm bir səydir və qarşıdakı illərdə əsas məhsul və işimizi istiqamətləndirəcək.”
Meta-nın milyard dollarlıq bu yatırım açıqlaması, ABŞ Prezidenti Donald Trampın böyük texnologiya şirkətlərinin bir araya gələrək ölkəyə 500 milyard dollarlıq süni zəka yatırımı edəcəklərini elan etməsindən sonra gəldi. OpenAI, SoftBank və Oracle, ABŞ üzrə infrastruktur üzərində işləmək üçün “Startgate” adlı birgə layihə yaradıblar.
Zukerberq Meta-nın bütün xidmətlərində istifadə olunan və ötən il aylıq 600 milyon aktiv istifadəçisi olan süni zəka köməkçisinin bu il 1 milyarddan çox insana xidmət göstərəcəyini də gözlədiklərini bildirib.
Meta-nın ötən il süni zəka üçün təxminən 38 milyard ilə 40 milyard dollar arasında xərc çəkdiyi hesab olunur. Şirkətin 2024-cü ilin 4-cü rüb nəticələri isə yanvarın 29-da rəsmi olaraq açıqlanacaq.
Bu açıqlamadan sonra Meta-nın səhm qiymətləri 1% artıb.