Az | EN

Meta Mira Muratinin startapından daha bir istedadı cəlb etdi

Cəmil Hüseynzadə
13 Oktyabr 2025 12:50
48 baxış
Meta Mira Muratinin startapından daha bir istedadı cəlb etdi

“The Wall Street Journal”ın məlumatına görə, Mira Muratinin həmtəsisçisi olduğu Thinking Machines Lab şirkətinin qurucularından biri Endrü Talloc (Andrew Tulloch) şəxsi səbəblərlə şirkətdən ayrılaraq Meta Platforms-a keçib.

Şirkət nümayəndəsi “WSJ”-yə açıqlamasında Tallocun qərarını təsdiqləyib və onun “fərdi səbəblərlə başqa istiqamətdə davam etmək istədiyini” bildirib. Meta və Thinking Machines Lab isə məsələ ilə bağlı əlavə şərh verməyib.

Əvvəllər “WSJ” yazmışdı ki, Meta rəhbəri Mark Zukerberq Mira Muratinin startapını almaq istəmiş, lakin rədd cavabı aldıqdan sonra onun bir neçə əməkdaşına, o cümlədən Talloca, yüksək təkliflər göndərmişdi. Məlumata görə, Talloca ən azı altı il üçün 1,5 milyard dollarlıq maaş və bonus paketi təklif olunub.

Meta son aylarda rəqiblərindən təcrübəli mütəxəssisləri cəlb etməyə çalışır. Şirkət süni intellekt sahəsində mövqeyini gücləndirmək üçün böyük əməkhaqları və səhmlər təklif edir, xüsusən də Llama 4 modelinin gözləniləni verməməsindən sonra bu strategiyanı daha da intensivləşdirib.

© copyright 2022 | tech.az | info@tech.az