Az | EN

“Meta”nın 800 milyonundan imtina edən FurıosaAI LG ilə əməkdaşlığa başladı

Nigar Sultanli
22 İyul 2025 10:44
77 baxış
“Meta”nın 800 milyonundan imtina edən FurıosaAI LG ilə əməkdaşlığa başladı

Cənubi Koreyanın süni intellekt çip istehsalçısı FuriosaAI, “Meta”nın 800 milyon dollarlıq təklifini rədd etdikdən təxminən üç ay sonra mühüm əməkdaşlıq elan edib. Startap, LG AI Research-un yeni təqdim etdiyi EXAONE 4.0 süni intellekt platformasına öz istehsalı olan RNGD süni intellekt çipini təqdim edəcək.

Bu əməkdaşlıq elektronika, maliyyə, telekommunikasiya və biotexnologiya sektorlarını əhatə edərək süni intellektin müxtəlif tətbiqlərini gücləndirməyi hədəfləyir. LG-nin yeni nəsil EXAONE modeli ölkənin aparıcı suveren süni intellekt texnologiyası kimi qiymətləndirilir və yalnız LG daxilində deyil, həm də Cənubi Koreyanın ümumi süni intellekt ekosistemində geniş istifadə olunacağı gözlənilir. LG hal-hazırda beynəlxalq müştərilərlə də əməkdaşlıq edir, bu da FuriosaAI-nin çipinin qlobal bazara çıxışı üçün geniş imkanlar yaradır.

FuriosaAI-nin təsisçisi və baş icraçı direktoru June Paik, TechCrunch nəşrinə verdiyi açıqlamada Meta ilə razılaşmanın baş tutmamasının səbəbi kimi qiymətlərlə bağlı deyil, gələcək biznes strategiyaları və təşkilati struktura dair fikir ayrılıqlarını göstərib:

“Biz missiyamızı davam etdirmək istəyirik. Bu əməkdaşlıq həm fərdi, həm də şirkət səviyyəsində süni intellekt hesablamalarını daha davamlı etmək üçün mühüm addımdır.”

FuriosaAI-nin təqdim etdiyi RNGD çipi xüsusi olaraq süni intellekt tətbiqləri üçün dizayn edilib və ənənəvi GPU-lardan fərqli olaraq ümumi məqsədli deyil, sırf süni intellekt modellərinin effektiv icrası üçün yaradılıb. Şirkətin bildirdiyinə görə, LG AI Research-un EXAONE modeli ilə birlikdə RNGD çipi rəqib GPU-ları 2.25 dəfə yüksək nəticə ilə üstələyib. Eyni zamanda, enerji səmərəliliyi baxımından da üstünlük nümayiş etdirib. Bu, FuriosaAI-nin məhsulunun həm performans, həm də ümumi sahiblik xərclərinin azaldılması baxımından rəqabətədavamlı olduğunu sübut edir.

LG-nin FuriosaAI-ni seçməsi Nvidia kimi texnologiya nəhənglərinin bazarda dominantlıq etdiyi bir dövrdə diqqət çəkir. Belə ki, LG-nin bu seçimi Nvidia-ya alternativ bir texnologiyaya açıq dəstək kimi qiymətləndirilə bilər.

Hazırda Seulda yerləşən və Santa Clara (ABŞ) ofisi vasitəsilə də fəaliyyət göstərən FuriosaAI-nin cəmi 15 nəfərlik qlobal komandası var. Şirkət yaxın gələcək üçün maliyyə toplama planlarını açıqlamasa da, əldə olunan bu yeni tərəfdaşlıqla regional və beynəlxalq miqyasda ciddi böyümə potensialına sahibdir.

© copyright 2022 | tech.az | info@tech.az