Meta-nın baş süni intellekt (Sİ) mütəxəssisi, Turing mükafatı laureatı və Sİ sahəsinin pionerlərindən biri olan Yan Lekun yaxın aylarda şirkətdən ayrılaraq öz startapını yaratmağı planlaşdırır. Bu barədə Financial Times məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Lekun yeni layihəsi üçün investorlarla danışıqlar aparır. Onun startapı, böyük ehtimalla, “dünyanın modelləri” (world models) adlanan — real dünyanın dinamikasını və məkan xüsusiyyətlərini anlamağa yönəlmiş Sİ sistemlərinin inkişafı ilə məşğul olacaq.
Lekun 2013-cü ildən bəri Meta-nın Süni İntellekt üzrə Fundamental Araşdırmalar Laboratoriyasına (FAIR) rəhbərlik edib. O, şərh verməkdən imtina edib, Meta isə FT-nin sorğusuna cavab verməyib.
Financial Times yazır ki, son dövrlər Mark Zukerberq şirkətin diqqətini uzunmüddətli araşdırmalardan tez nəticə verən Sİ modellərinə və məhsullarına yönəldib. 2025-ci ilin yayında o, Scale AI startapının həmtəsisçisi Aleksandr Vanı “superintellekt” komandası rəhbəri təyin edib — nəticədə Lekun onun tabeliyinə keçib.
Bu dəyişikliklər, FT-nin qeyd etdiyinə görə, Llama 4 modelinin uğursuz təqdimatından və Meta AI çat-botunun gözlənilən populyarlığı qazana bilməməsindən sonra baş verib.
Lekun dəfələrlə bildirib ki, böyük dil modelləri “faydalıdır”, lakin insan kimi düşünmək və məntiq yürütmək qabiliyyətinə malik deyil. O, gələcəkdə bu istiqamətdə — real dünyanın dərin modelləşdirilməsini bacaran Sİ sistemləri üzərində işləməyi davam etdirmək niyyətindədir.
