Az | EN

Milli Depozit Mərkəzində mobil tətbiq və elektron kabinetlər istifadəyə veriləcək

Nigar Sultanli
27 Noyabr 2025 14:52
37 baxış
Milli Depozit Mərkəzində mobil tətbiq və elektron kabinetlər istifadəyə veriləcək

Bakıda baş tutan XX Beynəlxalq Xəzər İnvestisiya Forumunda çıxış edən Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin üzvü Ramin Nurəhmədov qurumun gələcək rəqəmsal hədəflərini açıqlayıb. O bildirib ki, əsas prioritetlər sırasında emitentlər üçün elektron kabinetlərin yaradılması, elektron çıxarışların verilməsi və investorlar üçün xüsusi mobil tətbiqin hazırlanması dayanır.

Hazırkı əməliyyat proseslərinə toxunan R.Nurəhmədov qeyd edib ki, Bakı Fond Birjasında həyata keçirilən ticarət əməliyyatları üzrə klirinq (öhdəliklərin müəyyənləşdirilməsi) prosesini MDM icra edir. Lakin hesablaşmalar hazırda fərqli qurumlar arasında bölüşdürülüb: qiymətli kağızlar üzrə hesablaşmaları MDM, investisiya şirkətləri ilə bağlı əməliyyatları agentlər, agentlərarası hesablaşmaları isə Mərkəzi Bank həyata keçirir. Qəbul edilmiş yeni inkişaf strategiyasına əsasən isə gələcəkdə bütün maliyyə xidmətlərinin və hesablaşmaların mərkəzləşdirilmiş qaydada, vahid agent tərəfindən aparılması nəzərdə tutulur.

Bu keçidlə bağlı beynəlxalq təcrübənin, xüsusilə Türkiyə, Qazaxıstan və Rusiya modellərinin təhlil edildiyini vurğulayan qurum rəsmisi əlavə edib: "Həmin ölkələrdə vahid klirinq təşkilatları həm qiymətli kağızlar, həm də pul hesablaşmalarını icra etməklə yanaşı, ticarət limitlərini də müəyyən edirlər. Biz də Mərkəzi Bankın dəstəyi ilə bazar iştirakçılarının rəyini öyrənərək 'Vahid Hesablaşma Modeli' üzərində işləyirik."

Yeni modelin tətbiqi ticarətöncəsi öhdəliklərin mərkəzləşdirilmiş idarə edilməsinə, əməliyyatların etibarlılığının və səmərəliliyinin artırılmasına imkan verəcək. Yaradılacaq maliyyə modulu depozitar sistemə inteqrasiya olunacaq və MDM üzvləri sistemə tam API vasitəsilə qoşula biləcəklər. R.Nurəhmədov qeyd edib ki, bu yeniliklər yalnız zəruri test mərhələləri uğurla başa çatdıqdan və inteqrasiya tam təmin edildikdən sonra reallaşacaq.

© copyright 2022 | tech.az | info@tech.az