Apple, yeni iPhone 17 modellərinə göstərilən tələbata görə tarixi uğura imza ataraq Samsung-u geridə qoyub və dünyanın ən böyük telefon istehsalçısı adına sahib olub. Bu, 2011-ci ildən bəri ilk dəfədir ki, şirkət illik satış həcminə görə liderliyə yüksəlir. "Counterpoint Research" mərkəzinin məlumatlarına görə, 2025-ci ildə Apple-ın satışları 10% artıb və qlobal bazarın 19.4%-ni ələ keçirib. Samsung isə kiçik bir artım göstərsə də, ümumi payı 18.7%-də qalaraq ikinci yerə geriləyib.
Bu yüksəlişin tək səbəbi yeni modellər deyil. Ekspertlər bildirir ki, pandemiya dövründə telefon alan insanların artıq cihazlarını yeniləmək vaxtı çatıb və bu da satışları kəskin artırıb. Xüsusilə yeni və incə dizaynlı "iPhone 17 Air" modeli alıcılar tərəfindən çox bəyənilib.
Görünən odur ki, Apple bu üstünlüyü asanlıqla vermək fikrində deyil. Şirkətin gələn il həm daha ucuz "iPhone 17e" modelini, həm də çoxdan gözlənilən qatlanan telefonunu təqdim edəcəyi gözlənilir. Bu planlar sayəsində Apple-ın ən azı 2029-cu ilə qədər bazar lideri olaraq qalacağı proqnozlaşdırılır.
