Az | EN

“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

Cəmil Hüseynzadə
22 İyul 2024 12:04
116 baxış
“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub

19 iyul tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə brifinqi keçirilib.

Brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov, Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimatlarla çıxış edib.

Tədbirdə ilkin olaraq İRİA-nın sədr müavini Rəşad Xalıqov Azərbaycan Texniki Universitetinə bakalavr səviyyəsində sənəd qəbulunun rəqəmsallaşdırılmasından danışıb. Bildirib ki, artıq vətəndaşlar sənəd qəbulu prosesini portal.edu.az vasitəsilə tam rəqəmsal formada həyata keçirə biləcək. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan-Fransız Universitetində (UFAZ) də sənəd qəbulunun rəqəmsallaşdırılması üzrə işlərə başlanıldığı da qeyd olunub.

Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz kağızdan azad olub rəqəmsallaşmaya keçidin universitetə yeni qəbul olmuş tələbələrin işini əhəmiyyətli dərəcədə asanlaşdırdığını vurğulayıb:

“Onlar evdən çıxmadan rəqəmsal formada sənədləşmə işlərini apara biləcəklər. Bu addımı rəqəmsəl hökumət quruculuğu baxımından böyük uğur hesab edə bilərik. Digər universitetlər də bundan qısa zaman ərzində istifadə etsələr uğurlu nəticələr əldə etmək olar”

Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında “mygov” üzərindən təhsil arayışlarının, məzunların arayışlarını rəqəmsal formada əldə etməyin əhəmiyyətindən danışıb. O, gələcəkdə sistem üzərindən digər xidmətlərin də aktivləşəcəyini, bir sıra proseslərin rəqəmsallaşacağını vurğulayıb.

Brifinqdə daha sonra  Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev  “mygov” portalına daha 6 təhsil sənədi və  məlumatların yerləşdirilməsi mövzusunda təqdimat edib. Belə ki, vətəndaşlar artıq portalda “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında məlumatlarım”, “Cari ali və ortaixtisas təhsili haqqında məlumatlarım”, “Cari ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”, “Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” kimi təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər. Bunlarla birlikdə ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara təqdim olunur.

Həmçinin, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşmaq, PDF formatda yükləmək və paylaşmaq, o cümlədən yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldıra biləcək. Eyni zamanda portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının tarixçəsinə də nəzər yetirmək mümkündür. 

Bununla da sözügedən məlumatları əldə etmək üçün qurumlara müraciət etməyə və növbə gözləməyə ehtiyac qalmayacaq, kağız sənəddən istifadə minimuma enəcək.

Bundan əlavə, “mygov” tətbiqində “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur.

© copyright 2022 | tech.az | info@tech.az