NASA, DARPA və Lockheed Martin Marsa səyahət müddətini qısaltmaq üçün nüvə raketləri hazırlayır.
NASA nüvə termal raket mühərrikinin yaradılması layihəsində Amerikanın Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) və Lockheed Martin ilə əməkdaşlıq edir. Bu layihə nəticəsində ortaya çıxacaq raket Marsa səyahətlər üçün həyati əhəmiyyət kəsb edəcək. Layihənin əsas məqsədi bu yeni nəsil sürmə texnologiyasının orbitdə ilk tətbiqini həyata keçirməkdir.
Layihənin proqram meneceri Dr. Tabitha Dodson NTR texnologiyasının uğurlu tətbiqi ilə kosmosda daha sürətli və uzağa getmə imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirə və nüvə kosmik texnologiyalarına yol aça biləcəyini ifadə edib.
Kosmik agentliyin açıqlamasına görə Lockheed Martin bu layihənin əsas podratçısı olacaq və NTR-in layihələndirilməsi, tikintisi və sınaqdan keçirilməsinə nəzarət edəcək. Həmçinin bildirilib ki, bu yeni texnologiya Marsa səyahət vaxtlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu həm də kəşfiyyat missiyalarında iştirak edən insanlar üçün riskləri azaldacaq.
Nüvə enerjisi ilə işləyən raketlər Marsa daha qısa və daha sürətli səfər təmin edərək, missiyaların mürəkkəbliyini və ekipaj riskini azalda bilər. Bu raketlərin adi kimyəvi raketlərdən iki qat daha səmərəli olacağı və elmi hədəflərə daha çox avadanlıq daşımaq qabiliyyətini təmin edəcəyi bildirilir. Bu nüvə raketləri həmçinin alətlər və rabitə sistemləri üçün daha çox enerji təmin edəcək. DRACO proqramı 2027-ci ilə qədər kosmosda nüvə enerjisi ilə işləyən raketi sınaqdan keçirməyi hədəfləyir. NASA bu proqram üçün 300 milyon dollar büdcə ayıracaq.
Bu yeni nüvə raket mühərriki sayəsində Yerdən Marsa insanlı səyahətin müddəti 9 aydan 4 aya qədər azaldıla bilər. Bu, insanlar üçün çox təhlükəli olan kosmos radiasiyasının təsirini əhəmiyyətli dərəcədə azalda bilər.