Az | EN

Neuralink beyin çipləri üçün könüllülər axtarır

Cəmil Hüseynzadə
20 Sentyabr 2023 16:20
330 baxış
Neuralink beyin çipləri üçün könüllülər axtarır

Şirkət iflic olan xəstələri axtarır və araşdırma təxminən altı il davam edəcək.

19 sentyabr 2023-cü ildə Neuralink müstəqil araşdırma şurasından sınaq üçün icazə ala bildi və könüllüləri axtarmağa başlayıb. Onurğa beyni zədələnməsi və ya amiotrofik lateral skleroz nəticəsində yaranan qol və ayaq iflici olan 22 yaşdan yuxarı ABŞ vətəndaşları müraciət edə bilərlər. Şirkət araşdırmada neçə nəfərin iştirak edə biləcəyini dəqiqləşdirməyib.

Şirkət beyin-kompüter interfeysini (BCI) sınaqdan keçirəcək ki, bu da iflic olan insanlara öz düşüncələri ilə xarici cihazları idarə etməyə kömək edəcək. Neuralink implantın, R1 cərrahi robotunun və beyin siqnallarını deşifrə edən və sonra başqa cihaza əmr göndərən N1 tətbiqinin təhlükəsizliyini və effektivliyini qiymətləndirəcək.

İştirakçılara imtahan yerinə gedib-gəlmək üçün yol xərcləri ödəniləcək. Tam araşdırma təxminən altı il çəkəcək. Əməliyyatdan sonra Neuralink mütəxəssisləri xəstəni "tərəqqini izləmək və çipin işləməsini təmin etmək" üçün nəzarət edəcəklər. Beş il ərzində 20 yoxlamanın keçirilməsi planlaşdırılır.

Bundan əvvəl texnologiya meymun və siçovullar üzərində sınaqdan keçirilib. 2022-ci ilin dekabrında Reuters xəbər verdi ki, ABŞ səlahiyyətliləri heyvanlara qarşı qəddarlıq iddiası ilə Neuralink-ə qarşı təhqiqata başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az