İdman geyimləri nəhəngi Nike yeni Project Amplify adlı layihəsini təqdim edib. Bu, dünyada elektroprivod (elektrik ötürücü) sistemi ilə təchiz olunmuş ilk idman ayaqqabısıdır.
Şirkətin məlumatına görə, ayaqqabılar baldır və ayaq oynağının təbii hərəkətini dəstəkləmək, yürüş və qaçış zamanı əzələlərə düşən yükü azaltmaq üçün hazırlanıb. Project Amplify peşəkar idmançılar üçün deyil, adi istifadəçilər üçün nəzərdə tutulub – onların daha az səy göstərərək daha sürətli və uzun məsafə qət etməsinə kömək edir.
Nike yeni texnologiyanı elektrik velosipedlərinə bənzədir: sistemin məqsədi yüngül qaçışı və gəzintini daha rahat və əlçatan etməkdir. Ayaqqabı xüsusilə 10–12 dəqiqə/mil sürətlə qaçan insanlar üçün optimallaşdırılıb.
Ayaqqabının içərisində yüngül elektrik mühərriki, ötürücü kəmər və manjet tipli batareya yerləşir. Bu mexanizm hər addımda istifadəçiyə əlavə təkan verir, əzələlər və oynaqlar üzərindəki yükü azaldır. Batareya bitdikdə ayaqqabını adi rejimdə də istifadə etmək mümkündür.

Nike bildirir ki, Project Amplify növbəti illərdə satışa çıxarılacaq. İlk versiya idman rekordları üçün deyil, daha az səy və daha çox komfortla hərəkət etmək istəyən insanlar üçün nəzərdə tutulub.
