Nokia, ABŞ-də süni intellektə uyğun şəbəkə infrastrukturunu inkişaf etdirmək üçün irimiqyaslı investisiya planını açıqlayıb. Şirkət qarşıdakı illər ərzində bu ölkəyə ümumilikdə 4 milyard dollar investisiya qoyacaq. Planlaşdırılan vəsaitin əsas hissəsi – təxminən 3,5 milyard dolları tədqiqat və inkişaf (R&D) işlərinə, qalan 500 milyon dolları isə Texas, Nyu-Cersi və Pensilvaniya ştatlarındakı istehsalat sahələrinin genişləndirilməsinə sərf olunacaq.
Bu yeni investisiya paketi mobil rabitə, optik şəbəkələr, məlumat mərkəzləri və müdafiə sənayesi üçün həllərin hazırlanmasını hədəfləyir. Qeyd edək ki, bu, Nokia-nın ABŞ-dəki ilk böyük addımı deyil; şirkət bundan əvvəl "Infinera"nı almaq üçün 2,3 milyard dollar vəsait ayırmışdı. "Infinera" öz növbəsində ABŞ-nin "CHIPS Act" qanunu çərçivəsində dövlət dəstəyi alaraq yerli istehsalı artırmağı planlaşdırır.
Layihənin strateji əhəmiyyəti həm də ABŞ-nin "Build America, Buy America" (BABA) proqramı ilə bağlıdır. Nokia-nın istehsal etdiyi avadanlıqlar yerli istehsal tələblərinə cavab verdiyi üçün, ABŞ-də dövlət büdcəsi hesabına genişzolaqlı internet şəbəkəsi quran yerli provayderlər (BEAD proqramı çərçivəsində) bu avadanlıqlardan istifadə edərək federal maliyyələşmə əldə edə biləcəklər.
