"Revolut"un təsisçisi Nik Storonsky bu gün şirkətin 75 milyard dollar dəyərə çatdığını təsdiqləyib. O, bu rəqəmin sadəcə bir maliyyə göstəricisi olmadığını, əslində Avropadan da dünya səviyyəli bir texnologiya liderinin çıxa biləcəyinə sübut olduğunu bildirib. Storonsky-nin sözlərinə görə, bu uğur onların "dünyanın ilk qlobal bankı" olmaq yolunda nə qədər ciddi irəlilədiklərini göstərir.
Şirkət rəhbəri əldə olunan uğurla kifayətlənmək niyyətində olmadıqlarını və hədəflərinin daha da böyük olduğunu deyib. Hazırda 65 milyon insana xidmət göstərən "Revolut", bu rəqəmi 100 milyona çatdırmağı planlaşdırır. Storonsky qeyd edib ki, mövcud bazarlardakı potensial bu rəqəmdən qat-qat böyükdür. Bununla yanaşı, şirkət coğrafi sərhədlərini də genişləndirir. Hindistan və Meksika kimi nəhəng bazarlara girməyə hazırlaşan maliyyə qurumu, 2030-cu ilə qədər daha 30 ölkədə fəaliyyətə başlamağı və ümumilikdə 100 ölkəni əhatə etməyi hədəfləyir.
Sonda komandasının zəhmətini yüksək qiymətləndirən Nik Storonsky, uğurun təməl prinsipini xatırladıb. O bildirib ki, şirkətin böyüməsi hər zaman insanların həqiqətən sevəcəyi məhsullar yaratmaqdan keçir və bu yanaşma heç vaxt dəyişməyəcək.
