Nvidia şirkətinin baş direktoru Censen Huan (Jensen Huang) Parisdə keçirilən VivaTech texnologiya konfransında çıxışı zamanı Almaniyada sənaye tətbiqləri üçün nəzərdə tutulmuş ilk süni intellekt bulud platformasının yaradılacağını elan edib. Bu texnologiya süni intellekt və robot texnologiyalarını birləşdirərək avtomobil istehsalçıları – o cümlədən BMW və Mercedes-Benz kimi brendlərə məhsul dizaynının simulyasiyasından tutmuş, logistika idarəetməsinə qədər bir çox sahədə dəstək verəcək.
Huan çıxışında növbəti iki il ərzində Avropadakı süni intellekt hesablama gücünün 10 dəfə artırılacağını bildirib. Onun sözlərinə görə, “Avropa artıq süni intellekt fabriklərinin və infrastrukturunun əhəmiyyətini dərk etməyə başlayıb”.
Huan həmçinin Avropada bir sıra yenilikləri açıqlayıb:
- 7 ölkədə texnoloji mərkəzlərin genişləndirilməsi,
- 20 süni intellekt fabrikinin qurulması,
- Avropa şirkətləri üçün Nvidia-nın hesablama bazarına çıxış imkanı,
- Çoxdilli süni intellekt modellərinin inkişaf etdirilməsi,
- Novo Nordisk kimi şirkətlərlə dərman kəşfi sahəsində əməkdaşlıq.
Nvidia həmçinin Avropanın qabaqcıl süni intellekt startaplarından olan Mistral ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində 18,000 ədəd ən yeni Nvidia çipi ilə işləyəcək AI hesablama platforması yaradılacaq.
Huan bildirib:
“Süni intellektdə suverenlik vacibdir — heç bir şirkət, sənaye və ya dövlət öz intellektini xaricə həvalə edə bilməz.”
Almaniyada tikinti planları və siyasi əhəmiyyət
Huanın 13 iyun tarixində Berlində Almaniyanın kansleri Fridrix Mers ilə görüşəcəyi gözlənilir. Hələlik Nvidia zavodun dəqiq yeri, xərcləri və tikintiyə başlanma tarixi ilə bağlı açıqlama verməyib. Lakin layihənin Almaniyada həyata keçirilməsi, Intel və Wolfspeed-in keçən il təxirə saldığı zavod planlarından sonra Mersin hökuməti üçün siyasi baxımdan mühüm uğur ola bilər.
Avropa Komissiyası bu ilin mart ayında AI sahəsinə 20 milyard dollar investisiya edəcəyini və 4 süni intellekt fabriki qurmağı planlaşdırdığını açıqlamışdı. Nvidia-nın təşəbbüsləri bu strategiyaya uyğun olaraq Avropanın AI sahəsində ABŞ və Çin ilə rəqabət apara bilməsi üçün mühüm addım sayılır.
Huan çıxışında kvant hesablama texnologiyasının da kritik dönüş nöqtəsində olduğunu vurğulayıb. Onun sözlərinə görə, kvant texnologiyaları yaxın illərdə Nvidia-nın ən güclü süni intellekt sistemlərinin illərlə vaxt aparacağı məsələləri qısa zamanda həll edə biləcək.