Az | EN

Nvidia və AMD Çin bazarı üçün yeni süni intellekt çipləri təqdim etməyə hazırlaşır

Nigar Sultanli
30 May 2025 11:06
109 baxış
Nvidia və AMD Çin bazarı üçün yeni süni intellekt çipləri təqdim etməyə hazırlaşır

ABŞ-nin qabaqcıl yarımkeçirici texnologiyaların Çinə ixracına qoyduğu məhdudiyyətlərə uyğun olaraq, çip istehsalçıları Nvidia və AMD süni intellekt üçün nəzərdə tutulmuş yeni GPU modellərini yaxın zamanda Çin bazarına çıxarmağa hazırlaşır. Bu barədə məlumatı Tayvanın “DigiTimes” texnologiya nəşri təchizat zəncirindəki mənbələrə istinadən yayıb.

Nvidia-nın “B20” kod adlı, azaldılmış imkanlara malik AI GPU modeli üzərində çalışdığı, AMD-nin isə süni intellekt yükünü daşıya bilən “Radeon AI PRO R9700” adlı iş stansiyası GPU-sunu təqdim etməyə hazırlaşdığı bildirilir. Məlumata görə, hər iki şirkət bu yeni çipləri Çində iyul ayından etibarən satışa çıxara bilər.

Bu həftənin əvvəlində “Reuters” Nvidia-nın Çin bazarı üçün yeni büdcəyə uyğun, “Blackwell” arxitekturasına əsaslanan AI çipi üzərində işlədiyini və bu məhsulun 6,500 – 8,000 dollar arası qiymətləndiriləcəyini yazmışdı. Müqayisə üçün, şirkət hal-hazırda “H20” GPU-larını 10,000 – 12,000 dollara satır.

Nvidia bildirib ki, bu ilin ilk rübündə H20 çipinin Çindəki satışına təsir edən lisenziya tələbləri səbəbindən 4,5 milyard dollarlıq zərər qeyd edilib. Bundan əlavə, 2,5 milyard dollarlıq əlavə H20 çipini göndərmək mümkün olmayıb. Şirkət proqnozlaşdırır ki, məhdudiyyətlər nəticəsində ikinci rübdə gəlir itkisi 8 milyard dollara çata bilər.

Bu inkişaflar, ABŞ-Çin texnologiya qarşıdurmasının çip sənayesinə və qlobal süni intellekt bazarına necə təsir etdiyini bir daha göstərir. Nvidia və AMD-nin adaptasiya strategiyaları isə şirkətlərin bazar mövqelərini qorumaq və siyasi-iqtisadi riskləri minimuma endirmək cəhdləri kimi qiymətləndirilir.

© copyright 2022 | tech.az | info@tech.az