Az | EN

OpenAI ABŞ hökumətindən süni intellekt infrastrukturunun inkişafı üçün kredit zəmanəti istəyib

Cəmil Hüseynzadə
06 Noyabr 2025 14:36
56 baxış
OpenAI ABŞ hökumətindən süni intellekt infrastrukturunun inkişafı üçün kredit zəmanəti istəyib

OpenAI şirkəti ABŞ hökumətinə müraciət edərək süni intellekt (Aİ) infrastrukturu sahəsində planlaşdırılan iri layihələr üçün kredit zəmanəti təqdim edilməsini istəyib. Şirkətin maliyyə direktoru Sara Frayar bu barədə Wall Street Journal konfransında məlumat verib.

Frayarın sözlərinə görə, dövlət dəstəyi OpenAI-yə hesablama gücünün genişləndirilməsi və yeni məlumat mərkəzlərinin tikintisi üçün tələb olunan “nəhəng” investisiyaları cəlb etməyə kömək edərdi. Hökumət zəmanəti şirkətə aşağı faiz dərəcələri ilə daha çox borc götürmək imkanı verə bilər.

Məlumata görə, bu, Silikon vadisindəki texnoloji şirkətlər üçün nadir təşəbbüsdür. Belə zəmanət mexanizmi riskli layihələri maliyyələşdirməkdə tərəddüd edən investorların sayını artırar, çünki defolt halında zərəri dövlət qarşılayar.

OpenAI-nin müraciəti, şirkətin sürətlə artan xərcləri fonunda irəli sürülüb. Təkcə 2025-ci ildə ChatGPT yaradıcısı 1 trilyon dollarlıq infrastruktur sazişləri bağlayıb. Analitiklər isə bu qədər böyük sərmayənin necə geri qazanılacağı ilə bağlı suallar qaldırır.

Hazırda OpenAI-nin illik gəliri təxminən 13 milyard dollar, əməliyyat itkisi isə 8 milyard dollardır. Bununla belə, şirkətin baş direktoru Sem Altman gəlirlərin “daha yüksək” olduğunu və “tənqidçilərin belə OpenAI səhmlərindən imtina etməyəcəyini” bildirib.

2025-ci ilin oktyabrında OpenAI öz strukturunu kommersiya modelinə dəyişərək iki hissəyə bölüb: OpenAI Foundation (qeyri-kommersiya) və OpenAI Group (ictimai faydalı korporasiya). Bundan sonra şirkətin 2027-ci ildə IPO-ya çıxma ehtimalı barədə xəbərlər yayılıb.

Sara Frayar isə bildirib ki, OpenAI yaxın gələcəkdə IPO planlaşdırmır — əsas prioritet şirkətin gəlirliliyi deyil, tədqiqat və texnoloji inkişafdır.

© copyright 2022 | tech.az | info@tech.az