OpenAI süni intellekt sahəsində növbəti irəliləyişini ictimaiyyətə açıqladı. Şirkət, ChatGPT platformasında inteqrasiya olunmuş yeni süni intellekt əsaslı proqramlaşdırma agenti – Codexin ilkin tədqiqat versiyasını istifadəyə verib.
Codex, proqram mühəndisliyi tapşırıqları üçün optimallaşdırılmış codex-1 adlı model tərəfindən gücləndirilir. Bu model OpenAI-nin o3 süni intellekt modelinin təkmilləşdirilmiş versiyası olub, daha təhlükəsiz, dəqiq və səliqəli kodlar yaradır, həmçinin kodu sınaqdan keçirərək nəticələri uğurlu olana qədər işləməyi davam etdirir.
Agent bulud əsaslı izolyasiya olunmuş (sandbox) virtual kompüterdə işləyir və GitHub inteqrasiyası sayəsində istifadəçilərin kod anbarlarını əvvəlcədən yükləyə bilir. OpenAI-nin məlumatına görə, Codex kiçik funksiyaların yazılması, səhvlərin düzəldilməsi, kod bazası haqqında sualların cavablandırılması və testlərin icrası kimi tapşırıqları 1-30 dəqiqə ərzində yerinə yetirə bilir.
Codex eyni anda bir neçə proqramlaşdırma tapşırığını idarə edə bilir və istifadəçilər bu zaman öz kompüterlərindən və brauzerlərindən sərbəst istifadə edə bilirlər.
Codex hal-hazırda ChatGPT Pro, Team və Enterprise abunəçiləri üçün əlçatandır. OpenAI bildirir ki, istifadəçilər üçün başlanğıcda "geniş imkanlı" istifadə hüquqları təqdim ediləcək, lakin yaxın həftələrdə məhdudiyyətlər tətbiq olunacaq. Daha çox istifadə etmək istəyənlər isə əlavə kreditlər satın ala biləcəklər. Şirkət yaxın zamanda Codex-in ChatGPT Plus və Edu istifadəçilərinə də təqdim ediləcəyini bildirib.
OpenAI-nin bu addımı, proqramçıların “virtual komanda yoldaşı” kimi istifadə edə biləcəyi süni intellekt alətlərinə artan marağın fonunda atılıb. Şirkətin Tədqiqat üzrə rəhbəri Coş Tobin bildirib ki, Codex gələcəkdə proqramçıların saatlar və ya günlərlə yerinə yetirdiyi tapşırıqları avtomatlaşdıraraq onların yükünü azaltmağı hədəfləyir.
OpenAI Codex-i daxili olaraq artıq istifadə edir – təkrarlanan tapşırıqların avtomatlaşdırılması, yeni xüsusiyyətlərin ilkin layihəsinin hazırlanması və sənədlərin tərtibi məqsədilə.
Bundan əlavə, OpenAI-nin məhsul rəhbəri Aleksandr Embirikos qeyd edir ki, Codex-in təhlükəsizliyi yüksək səviyyədə qorunur – agentin internetə və xarici API-lərə çıxışı yoxdur və zərərli proqramların yaradılmasına dair sorğuları etibarlı şəkildə rədd edir.
Codex-in terminal versiyası olan Codex CLI isə o4-mini modelinə keçib. Bu model artıq OpenAI API-də istifadə üçün təqdim olunub və 1 milyon giriş tokeni üçün 1.50$, 1 milyon çıxış tokeni üçün isə 6$ qiymətindədir.
Codex-in istifadəyə verilməsi OpenAI-nin ChatGPT platformasını təkcə chatbot olaraq deyil, çoxfunksiyalı məhsul ekosisteminə çevirmək strategiyasının bir hissəsidir. Bu strategiyaya, həmçinin Sora (video AI platforması), Deep Research (tədqiqat agenti) və Operator (veb-brauzer agenti) kimi yeni məhsullar da daxildir.
Codex alətinin təqdimatı ilə OpenAI, sürətlə böyüyən AI əsaslı kodlaşdırma bazarında öz mövqeyini gücləndirmək niyyətindədir. Şirkətin 3 milyard dollar dəyərində Windsurf adlı süni intellekt kodlaşdırma platformasını satın aldığı da bildirilir.