Az | EN

OpenAI Hindistan, Səudiyyə Ərəbistanı və BƏƏ-dən investisiya üçün danışıqlar aparır

Nigar Sultanli
12 İyun 2025 11:56
131 baxış
OpenAI Hindistan, Səudiyyə Ərəbistanı və BƏƏ-dən investisiya üçün danışıqlar aparır

OpenAI, infrastruktur planlarını və texnoloji inkişafını maliyyələşdirmək məqsədilə 40 milyard dollar vəsait toplamaq üçün Səudiyyə Ərəbistanı, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən olan sərmayədarlarla danışıqlar aparır. Bu barədə The Information məlumat yayıb.

Mənbələr bildirir ki, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF), Hindistanın Reliance Industries şirkəti və OpenAI-nin mövcud investorlarından biri olan BƏƏ-yə məxsus MGX şirkəti hər biri bu fonda yüz milyonlarla dollar sərmayə yatırmaq niyyətindədir.

Məlumata görə, bu maliyyələşmə turuna Yaponiyanın texnoloji nəhəngi SoftBank rəhbərlik edir və bu çərçivədə OpenAI öz “Stargate” adlı böyük infrastruktur layihəsini həyata keçirməyə çalışır.

OpenAI-nin baş direktoru Sem Altman bu ilin əvvəlində Hindistanın informasiya texnologiyaları naziri ilə görüşərək ölkədə aşağı xərcli süni intellekt ekosistemi yaratmaq planları müzakirə edib. Daha sonra onun BƏƏ-yə səfər edərək Abu Dabi investisiya qrupu MGX ilə maliyyə dəstəyi barədə danışıqlar aparması nəzərdə tutulub.

Bundan əlavə, Coatue Management və Founders Fund kimi digər böyük sərmayə fondları da OpenAI-yə hər biri ən azı 100 milyon dollar yatırmaq üçün danışıqlar aparır. Şirkət 2027-ci ildə isə əlavə olaraq 17 milyard dollar maliyyə toplamağı planlaşdırır.

OpenAI və adıçəkilən digər tərəflər hələlik bu məlumatlara dair rəsmi şərh verməyib.

Bu addım OpenAI-nin süni intellekt sahəsində qlobal liderlik mövqeyini qoruyub saxlamaq və daha da möhkəmləndirmək üçün atdığı strateji və genişmiqyaslı maliyyə təşəbbüslərindən biridir.

© copyright 2022 | tech.az | info@tech.az