Az | EN

OpenAI korporativ casusluğa qarşı ciddi təhlükəsizlik tədbirləri tətbiq etməyə başlayır

Nigar Sultanli
08 İyul 2025 10:43
275 baxış
OpenAI korporativ casusluğa qarşı ciddi təhlükəsizlik tədbirləri tətbiq etməyə başlayır

OpenAI şirkəti daxili məlumatların qorunması və korporativ casusluğa qarşı mübarizə çərçivəsində təhlükəsizlik sistemini əhəmiyyətli dərəcədə gücləndirib. Bu addımlar, xüsusilə DeepSeek-in yanvar ayında rəqabətli süni intellekt modeli təqdim etməsindən sonra daha da sürətləndirilib. OpenAI, DeepSeek-in onun modellərini qeyri-qanuni şəkildə "distillasiya" üsulu ilə kopyaladığını iddia edir.

Yenilənmiş təhlükəsizlik tədbirləri çərçivəsində, OpenAI əməkdaşların yeni məhsullar və həssas alqoritmlərlə bağlı məlumatlara çıxışını məhdudlaşdıran “informasiya çadırı” (information tenting) siyasətini tətbiq edib. Financial Times yazır ki, məsələn, o1 modelinin hazırlanması zamanı yalnız bu layihəyə rəsmi şəkildə cəlb olunan komanda üzvlərinə ofis daxilində bu barədə danışmağa icazə verilib.

Bundan əlavə, OpenAI indi mühüm texnologiyalarını yalnız offline kompüter sistemlərində saxlayır, ofis girişləri üçün barmaq izi kimi biometrik identifikasiya üsullarından istifadə edir və xarici şəbəkələrə bağlantılar üçün icazəyə əsaslanan internet siyasəti tətbiq edir. Həmçinin şirkət məlumat mərkəzlərində fiziki təhlükəsizlik tədbirlərini gücləndirib və kiber təhlükəsizlik komandasını genişləndirib.

Bu tədbirlərin yalnız xarici təhlükələrlə deyil, həm də daxili məlumat sızmalarının qarşısını almaq məqsədi daşıdığı ehtimal edilir. Belə ki, son dövrlərdə OpenAI rəhbəri Sam Altmanın açıqlamalarının tez-tez ictimailəşməsi və süni intellekt sənayesində digər Amerika şirkətləri ilə rəqabət fonunda "kadr oğurluqları"nın artması, şirkətin daxili təhlükəsizliyini daha ciddi nəzərdən keçirməsinə səbəb olub.

OpenAI məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.

© copyright 2022 | tech.az | info@tech.az