Tanınmış texnoloji analitik Min-Çi Kuo-nun məlumatına görə, OpenAI şirkəti ilk süni intellekt (AI) əsaslı fiziki cihaz üzərində işləyir. Bu cihaz boyuna taxılan "ağıllı boyunbağı" formatında olacaq və ekran əvəzinə mikrofon və kamera ilə təchiz ediləcək. Cihazın konsept dizaynını məşhur dizayner Veniamin Geskin təqdim edib.
Cihazın funksionallığı barədə ətraflı məlumat verilməsə də, onun əsasən ətraf mühiti tanımaq, səsli komandaları qəbul etmək və bulud əsaslı süni intellekt xidmətləri ilə işləmək üçün nəzərdə tutulduğu bildirilir. Bu səbəbdən cihazın fasiləsiz internet bağlantısına ehtiyacı olacaq.
Kuo hesab edir ki, OpenAI bu layihəni Google-un I/O tədbirindən dərhal sonra elan etməklə texnoloji diqqəti öz üzərinə çəkməyə çalışıb. Analitik əlavə edir ki, cihazın ilkin prototipi 2026-cı ildə ictimaiyyətə təqdim ediləcək, geniş istehsal və satış mərhələsi isə 2027-ci ildən əvvəl gözlənilmir.
Bu addım OpenAI-nin yalnız proqram təminatı sahəsində deyil, həm də fiziki texnologiya bazarında ciddi oyunçuya çevrilmək istədiyini göstərir.