ChatGPT Atlas axtarış sisteminin içərisində həm Süni İntellekt (Sİ) köməkçisi, həm də Sİ agenti yer alır. Hal-hazırda yalnız macOS üçün mövcud olsa da, yaxın gələcəkdə Windows, iOS və Android istifadəçiləri üçün də istifadəyə veriləcək. Brauzeri rəsmi saytdan asanlıqla yükləmək mümkündür. Brauzer pulsuzdur, lakin bəzi Sİ funksiyaları məhdudiyyətlə işləyir. Məsələn, $20 qiymətindəki Plus abunəliyi olmadan çata beşdən çox şəkil yükləmək olmur, Sİ agenti də yalnız abunəçilər üçün aktivdir.
Giriş (avtorizasiya) prosesi telefon nömrəsi, e-poçt və ya ChatGPT-yə bağlı Google, Apple, Microsoft hesabı vasitəsilə həyata keçirilə bilər. Daxil olduqdan sonra istifadəçi brauzeri fərdiləşdirə bilər: məlumatları Chrome və ya Safari-dən köçürmək, yaddaşı, habelə nişanların stilini, rəngini və dilini tənzimləmək mümkündür. Brauzerin interfeysi Google Chrome-u xatırlatsa da, fərqlərdən biri əlfəcinləri daha rəvan sürüşdürmək imkanının olmasıdır.
Əsas səhifədə yerləşən axtarış çubuğu həm ənənəvi sorğular, həm də birbaşa ChatGPT ilə əlaqə qurmaq üçün istifadə olunur. Sorğuya cavab olaraq brauzer beş fərqli nişan açır: Cavab verən çat-botun olduğu "Ev", mövzu ilə bağlı "Axtarış" (veb-saytlar), eləcə də "Şəkillər", "Video" və "Xəbərlər". Axtarış nəticələrindəki keçidlərdən birinə klik edildikdə, brauzer ekranı avtomatik iki hissəyə bölünür: solda veb-səhifə, sağda isə ChatGPT ilə dialoq yerləşir. Bu, istifadəçinin başqa nişana keçməsinə ehtiyac qoymur. Bot səhifənin məzmununu təhlil edərək məqaləni/videonu qısa şəkildə ümumiləşdirə, ixtisarları açıqlaya və ya çətin terminləri izah edə bilir. Həmçinin, o, sevimli filmlərinizə əsasən oxşar filmləri tövsiyə edə bilər. Daxili köməkçi sayəsində, hətta adını xatırlamadığınız saytları tapmaq üçün baxış tarixçənizdə axtarış edə bilərsiniz.
Nəhayət, Agent rejimində brauzer tam avtonom şəkildə işləyir. O, özü keçidləri açır, məzmunu öyrənir və veb-saytlarda hərəkətləri yerinə yetirir (məsələn, onlayn sifarişlər verir və ya bilet alır). İnsan müdaxiləsi yalnız ödənişi təsdiqləmək üçün gərəklidir. Qeyd edək ki, bu rejimdən istifadə etmək üçün Plus və ya Pro abunəliyi olmalıdır.