OpenAI 2025-ci ili rekord maliyyə göstəriciləri ilə başa vursa da, şirkətin xalis zərəri kəskin şəkildə artıb. Financial Times-ın məlumatına görə, OpenAI-nin 2025-ci ildə gəliri 13 milyard dollara çatıb. İlin sonuna doğru şirkət aylıq təxminən 2 milyard dollar gəlir əldə edib. Müqayisə üçün, bu göstərici 2024-cü ilin sonunda 1 milyard dollar idi.
Bununla yanaşı, OpenAI-nin xalis zərəri bir il ərzində təxminən səkkiz dəfə artaraq 39 milyard dollara yüksəlib. Şirkətin ümumi xərcləri isə 34 milyard dollar təşkil edib. Bu vəsaitin 19 milyard dolları tədqiqat və inkişaf işlərinə, təxminən 6 milyard dolları isə satış və marketinq fəaliyyətlərinə yönəldilib.
Məlumata görə, 39 milyard dollarlıq zərərin təxminən 30 milyard dolları şirkətin əvvəlki korporativ strukturu ilə bağlı birdəfəlik mühasibat uçotu düzəlişlərindən qaynaqlanıb. Bu amil nəzərə alınmadıqda, OpenAI-nin real xalis zərəri təxminən 8 milyard dollar olub.
Qeyd edək ki, OpenAI 2025-ci ilin oktyabrında korporativ restrukturizasiya həyata keçirib. Şirkət rəhbəri Sam Altman daha əvvəl əməkdaşlara bildirib ki, OpenAI növbəti bir il ərzində IPO keçirməyi planlaşdırır. Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi məxfi müraciət isə IPO-nun vaxtı ilə bağlı daha çevik qərar verməyə imkan yaradır.
