Az | EN

OpenAI o3mini modelini istifadəçilərə təqdim etməyə hazırlaşır

Cəmil Hüseynzadə
21 Yanvar 2025 11:14
65 baxış
OpenAI o3mini modelini istifadəçilərə təqdim etməyə hazırlaşır

OpenAI-nin CEO-su Sam Altman X sosial media hesabında paylaşım edərək, şirkətin indiyə qədərki ən güclü süni intellekt modeli olan o3-ün incə tənzimlənmiş versiyası o3 mini-nin önümüzdəki bir neçə həftə ərzində istifadəçilərə təqdim ediləcəyini açıqlayıb.

"OpenAI-nin 12 Günü" tədbir marafonunun bir hissəsi olaraq tanıdılan o3 modelinin o1 modelinə nisbətən 20 faiz daha yüksək performans göstərdiyi qeyd edilmişdi. Şirkət bu modelin məntiqi düşünmə bacarıqlarına xüsusi diqqət çəkərək, daha mürəkkəb və çoxaddımlı problemlərin həllində daha effektiv olduğunu vurğulamışdı.

Bu elanla birlikdə OpenAI, o3 mini-ni yanvar ayının sonunda, əsas o3 modelini isə ondan qısa müddət sonra bazara çıxaracağını bildirmiş və yeni modelin sınaqdan keçirilməsi üçün araşdırmaçılardan müraciət qəbul etməyə başlamışdı.

Yanvarın üçüncü həftəsinə keçərkən Sam Altman süni intellektin növbəti mərhələsinin başlanğıcı kimi gördüyü o3 mini modelinin inkişaf prosesinin tamamlandığını və bir neçə həftə ərzində istifadəçilərə təqdim ediləcəyini açıqlayıb.

Altman, modelin inkişaf mərhələsində istifadəçi rəyinə xüsusi önəm verdiklərini qeyd edərək, o3 mini-nin tətbiqetmə proqramlaşdırma interfeysi (API) və ChatGPT versiyalarının eyni anda yayımlanmasının planlaşdırıldığını da əlavə edib.

© copyright 2022 | tech.az | info@tech.az