Az | EN

OpenAI "X"ə bənzər sosial şəbəkə yaradır

Nigar Sultanli
16 Aprel 2025 10:36
111 baxış
OpenAI "X"ə bənzər sosial şəbəkə yaradır

OpenAI şirkəti X platformasına (əvvəlki Twitter) bənzər sosial media şəbəkəsi üzərində işləyir. Məlumata görə, layihənin ilkin mərhələsində ChatGPT-nin şəkil generasiyası funksiyasına əsaslanan və sosial lentə (social feed) malik daxili prototip hazırlanıb. Bununla yanaşı, OpenAI-nin CEO-su Sem Altman bu layihə barədə qeyri-rəsmi şəkildə bəzi xarici tərəflərdən rəy alıb. Hazırda layihənin ayrıca bir tətbiq kimi istifadəyə veriləcəyi, yoxsa birbaşa ChatGPT-yə inteqrasiya olunacağı ilə bağlı konkret qərar mövcud deyil. OpenAI şirkəti məsələ ilə bağlı Reuters-in sorğusuna hələlik cavab verməyib.

Bu addım Altman və eyni zamanda X platformasının sahibi olan İlon Mask arasında mövcud olan gərginliyi daha da artıracağı ehtimal olunur. Qeyd edək ki, İlon Mask 2018-ci ildə OpenAI-dən ayrılıb və bu müddətdən sonra şirkət generativ süni intellekt yarışında ön sıralarda yer almağa başlayıb.

Son aylarda iki tərəf arasında münasibətlər daha da gərginləşib. Fevral ayında Mask liderliyində bir investor qrupu OpenAI-nin nəzarətini ələ keçirmək məqsədilə 97.4 milyard dollarlıq təkliflə çıxış edib, lakin Altman bu təklifi qısa şəkildə “yox, təşəkkürlər” cavabı ilə rədd edib.

Mask həmçinin ötən il Altmanı və "OpenAI"ni məhkəməyə verərək onları şirkətin ilkin məqsədi – süni intellekti bəşəriyyətin rifahı üçün inkişaf etdirmək – prinsipindən uzaqlaşmaqda ittiham edib. Cavab olaraq OpenAI bu ayın əvvəlində Maska qarşı qarşılıqlı məhkəmə iddiası qaldırıb və onu şirkətin fəaliyyətini sabotaj etməkdə günahlandırıb. İki tərəf arasında məhkəmə prosesi 2026-cı ilin yazında başlayacaq.

Yeni sosial şəbəkə layihəsi "OpenAI"ni eyni zamanda Meta (Facebook) kimi texnologiya nəhəngləri ilə birbaşa rəqabətə daxil edə bilər. Qeyd olunur ki, Meta da ayrıca süni intellekt servisi üzərində işləyir. Bu xəbərlərə cavab olaraq Sem Altman fevral ayında X platformasında "O zaman, bəlkə biz də bir sosial tətbiq yaradaq" sözləri ilə cavab vermişdi.

Meta və X platformaları geniş istifadəçi bazası və istifadəçilərin paylaşdığı açıq məlumatlar sayəsində süni intellekt modellərinin təlimində böyük üstünlüyə malikdir. "OpenAI"nin də bu sahəyə daxil olması bazarda rəqabəti daha da qızışdıra bilər.

© copyright 2022 | tech.az | info@tech.az