Az | EN

OpenAI və Oracle 30 milyard dollarlıq əməkdaşlığa imza atdı

Nigar Sultanli
04 İyul 2025 11:04
58 baxış
OpenAI və Oracle 30 milyard dollarlıq əməkdaşlığa imza atdı

OpenAI, süni intellekt sahəsində infrastruktur gücünü artırmaq məqsədilə Oracle ilə illik dəyəri 30 milyard dollar olan irimiqyaslı razılaşma imzalayıb. Bu əməkdaşlıq çərçivəsində OpenAI, 4.5 gigavat hesablama gücünə malik bulud infrastrukturundan istifadə hüququ əldə edəcək. Müqavilə, bu günə qədər süni intellekt sahəsində bağlanmış ən böyük bulud texnologiyası razılaşmalarından biri hesab olunur.

Bu müqavilə eyni zamanda OpenAI-nin 2025-ci ilin əvvəlində SoftBank ilə başladığı və qlobal miqyasda nəhəng məlumat mərkəzləri qurmağı hədəfləyən “Stargate” layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin ümumi investisiya dəyərinin 500 milyard dollara qədər yüksələ biləcəyi gözlənilir. İndiyədək bu təşəbbüs çərçivəsində təxminən 50 milyard dollar sərmayə yatırılıb.

Layihənin strateji tərəfdaşları sırasında Oracle, SoftBank və BƏƏ-nin dövlət investisiya fondu MGX də yer alır. Bu günə qədər vəsaitlərin nə qədərinin xərcləndiyinə dair rəsmi məlumat verilməyib.

Oracle, Stargate layihəsi çərçivəsində ABŞ-nin bir neçə ştatında yeni məlumat mərkəzləri inşa edəcək. Potensial məkanlar arasında Texas, Miçiqan, Viskonsin, Vayominq, Nyu-Meksiko, Corciya, Ohayo və Pensilvaniya qeyd olunur. Eyni zamanda, Crusoe şirkətinin maliyyələşdirdiyi və inşa etdiyi 1.2 gigavatlıq Abilene (Texas) məlumat mərkəzi genişləndiriləcək.

Razılaşmaya əsasən, Oracle şirkəti 400,000 ədəd Nvidia GB200 süni intellekt üçün nəzərdə tutulmuş yüksək performanslı qrafik prosessor sifariş edəcək. Bu çiplər süni intellekt modellərinin təlimi və tətbiqində istifadə olunacaq.

Oracle-ın təsisçisi Lerri Ellison, investorlarla paylaşdığı açıqlamada bildirib ki:

“Oracle yaxın illərdə dünya üzrə ən çox bulud infrastrukturu məlumat mərkəzi quran və idarə edən şirkət olacaq.”

Oracle bu layihəyə 7 milyard dollar dəyərində ilkin sərmayə vəd edib. 2026-cı ilə qədər isə 25 milyard dollar xərcləməsi planlaşdırılır.

© copyright 2022 | tech.az | info@tech.az