Az | EN

“OpenAI” və “Oracle” $300 milyardlıq müqavilə imzalayıblar

Nigar Sultanli
11 Sentyabr 2025 10:45
100 baxış
“OpenAI” və “Oracle” $300 milyardlıq müqavilə imzalayıblar

OpenAI süni intellekt (Sİ) layihələrini dəstəkləmək üçün “Oracle” ilə beş illik, 300 milyard dollarlıq nəhəng müqavilə imzalayıb. Bu, bulud hesablamaları sahəsində indiyə qədər imzalanmış ən böyük razılaşmalardan biri hesab olunur. Məlumatı “The Wall Street Journal” (WSJ) yayıb.

Bu əməkdaşlıq çərçivəsində “Oracle”ın yeni gəlirlərinin əsas mənbəyinin bu müqavilədən olacağı gözlənilir. Razılaşma çərçivəsində yaradılacaq məlumat emalı mərkəzi 4.5 giqavat enerji tələb edəcək ki, bu da təxminən 4 milyon evin illik enerji istehlakına bərabərdir.

Bu xəbərin fonunda “Oracle”ın həmtəsisçisi Larri Ellisonun sərvəti kəskin artıb və o, İlon Maskı geridə qoyaraq dünyanın ən zəngin adamı adını qazanıb. Bu artım, şirkətin 2026-cı maliyyə ilinin birinci rübündə əldə etdiyi uğurlu hesabatla əlaqəlidir. Hesabata görə, “Oracle”ın gəliri 12% artaraq 14.9 milyard dollara çatıb. Eyni zamanda, gələcək öhdəliklərin (RPO) həcmi isə 359% artımla 455 milyard dollara yüksəlib.

Bu hadisə süni intellekt sektorundakı maliyyə axınının nə qədər sürətli olduğunu və bulud hesablamalarına olan tələbatın artdığını bir daha göstərir.

© copyright 2022 | tech.az | info@tech.az