Ötən həftə Warner Bros. Discovery şirkətinin Netflix tərəfindən alınması barədə razılıq əldə olunsa da, bu gün vəziyyət tamamilə dəyişib. Paramount Skydance rəqibinə meydan oxuyaraq şirkət üçün tamamilə nağd şəkildə 108,4 milyard dollarlıq yeni təklif irəli sürüb və məsələni birbaşa səhmdarların müzakirəsinə çıxarıb.
Paramount tərəfindən irəli sürülən hər səhm üçün 30 dollarlıq nağd ödəniş planı, Netflixin ümumi 27,75 dollarlıq paketindən həm dəyər, həm də nağd vəsait baxımından xeyli üstündür. Əsas fərqlərdən biri də odur ki, Netflix yalnız studiyaları və yayım platformalarını hədəflədiyi halda, Paramount şirkəti bütünlüklə, o cümlədən Qlobal Şəbəkələr bölməsi ilə birlikdə almaq niyyətindədir. Şirkətin rəhbəri David Ellison bildirib ki, hazırkı rəhbərlik Netflix variantını seçməklə səhmdarları qeyri-müəyyənlik qarşısında qoyub və onların daha sərfəli nağd təklifi dəyərləndirmək hüququ var.
Digər tərəfdən, Netflix və Warner Bros. Discovery razılaşması inhisarçılıqla bağlı ciddi suallar doğurub, hətta ABŞ prezidenti Donald Tramp da bu birləşmənin problemli ola biləcəyinə işarə edib. Mövcud şərtlərə görə, əgər WBD Netflixdən imtina edib başqa təklifi qəbul edərsə, 2,8 milyard dollar təzminat ödəməli olacaq. Şirkət rəhbərliyi Paramountun yeni təklifini nəzərdən keçirəcəyini, lakin hələlik mövcud razılaşmaya sadiq qaldığını bəyan edib.
