Türkiyənin ən böyük xidmət saytlarından biri olan Armut platformasına giriş Bilgi Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən məhdudlaşdırılıb. Qərar İstanbul məhkəməsinin 4 dekabr tarixli hökmünə əsasən verilib. Minlərlə fərqli sahədə xidmət göstərən ustaları və mütəxəssisləri müştərilərlə birləşdirən saytın niyə bağlandığı hələlik dəqiq bilinmir.
Şirkət rəsmiləri məsələyə aydınlıq gətirərək bildiriblər ki, problem bazar günü axşam saatlarında hiss olunub. Sayta xarici ölkələrdən daxil olmaq mümkün olsa da, Türkiyə daxilindən giriş dayandırılıb. Qadağa iş saatlarından sonra tətbiq edildiyi üçün şirkət hələlik rəsmi qərarı görməyib və bloklanmanın səbəbini öyrənə bilməyib.
Armut rəhbərliyi bu qərarı haqsız hesab edir. Şirkətin vəkilləri bu gün səhər saatlarında məhkəməyə gedərək sənədlərlə tanış olacaq və qadağanın götürülməsi üçün hüquqi prosesə başlayacaqlar. Məsələnin səbəbi bəlli olan kimi həm xidmət göstərənlərə, həm də istifadəçilərə məlumat veriləcəyi qeyd olunub.
