2025-ci ildə İstanbulda İlker Selim Zorluoğlu, Ari Nazir və Yusuf Bahadır tərəfindən qurulan Türk startapı Loops AI, a16z Speedrun-dan investisiya əldə edib. İnvestisiyanın maliyyə həcmi hələlik açıqlanmayıb. Qeyd edək ki, "a16z Speedrun" Airbnb, Facebook və Instagram- ı dəstəkləyən "Andreessen Horowitz" fonduna aiddir və erkən mərhələdəki startaplara Silikon Vadisinin imkanlarına çıxış yaradır.
Yeni investisiya hesabına startap üç əsas istiqamətdə böyüməyi planlaşdırır. Komanda ilk növbədə MENA (Yaxın Şərq və Şimali Afrika) və Avropa bazarlarına açılaraq böyük e-ticarət şəbəkələri ilə iş birlikləri qurmağı hədəfləyir. Məhsul tərəfində isə platformanı daha otonom formata gətirmək, vizual alış-veriş və səsli interfeys kimi funksiyalar əlavə etmək nəzərdə tutulur. Həmçinin, startap "Agentic Network" adlı bir struktur quraraq, markaların məlumat məxviliyini qorumaq şərtilə süni intellekt agentlərinin ortaq təcrübədən öyrənməsini təmin edəcək.
Loops AI-ın əsas fəaliyyəti otonom süni intellekt agentləri vasitəsilə müştəri əlaqələrini sadəcə sual-cavab formatından çıxarıb, real gəlir gətirən satış kanalına çevirməkdir. Startapın məlumatına görə, onların texnologiyası müştəri qarşılıqlı əlaqəsini 20 dəfəyə qədər, ziyarətçi başına satış nisbətini 70%-dən çox, ümumi satış həcmini isə 40% artırmağa nail olub. Bu sistem həm də iadələri azaldır və dəstək komandalarının işini yüngülləşdirir.
Özünü köhnə nəsil chatbotlardan fərqləndirən startap, sistemlərinin bir "satış məsləhətçisi" kimi davrandığını və istifadəçi niyyətini 99% dəqiqliklə anladığını bildirir. Hazırda Tudors, P&G, Radisson kimi 50-dən çox marka ilə işləyən Loops AI, platformanın 7 gündən qısa müddətdə işə salınması ilə seçilir. Startapın həmtəsisçisi İlker Selim Zorluoğlu bu texnologiyanı "e-ticarətin yeni əməliyyat sistemi" adlandıraraq, statik veb-saytlardan danışan və satış edən ağıllı agentlərə keçidin vacib olduğunu vurğulayıb.
