1993-cü ildə Adobe portativ sənəd formatını (PDF) təqdim edəndə, Gartner şirkətinin bir məsləhətçisi bunu “həyatımda eşitdiyim ən axmaq ideya” adlandırmışdı. O dövrdə istifadəçilər dial-up internetlə böyük həcmli faylların yüklənməsini və kompüterdə açılmasını gözləməli olurdular. Hətta şirkətin idarə heyəti layihəni dayandırmaq istəyirdi. Lakin PDF xüsusilə ABŞ-ın Vergi Xidməti (IRS) rəqəmsal vergi formalarında ondan istifadə etməyə başlayandan sonra geniş yayıldı. Bu gün dünyada 2,5 trilyondan çox PDF mövcuddur.
Bununla belə, PDF-in çatışmazlıqları qalır. Smartfonda oxumaq çətindir, məlumat köçürmək narahatdır, görmə məhdudiyyətli şəxslər üçün oxu proqramları PDF-lərlə çətinlik çəkir. 2008-ci ildə Adobe nəzarəti buraxdıqdan sonra format zərərli proqramlar üçün də vasitəyə çevrilib – Check Point-ə görə, e-poçt əsaslı kiberhücumların beşdə biri PDF əlavələri vasitəsilə həyata keçirilir.
Son vaxtlar isə başqa problem gündəmə gəlib. Generativ süni intellekti dəstəkləyən böyük dil modelləri (LLM-lər) PDF-ləri düzgün “oxumaqda” çətinlik çəkir, çoxsütunlu səhifələri səhv ardıcıllıqla analiz edir və bu da bəzən çatbotların yanlış məlumatlar “uydurmasına” səbəb olur.
Buna baxmayaraq, bəzi startaplar – məsələn, Factify – PDF-i əvəz edə biləcək yeni fayl formatı yaratmaq niyyətindədir. Digər tərəfdən, PDF Association-un rəhbəri Daff Conson hesab edir ki, problem formatda deyil, onun istifadə üsulundadır. Adobe və Google isə artıq süni intellekt alətlərini PDF-lərlə daha uyğun işləyəcək şəkildə təkmilləşdirir. Görünür, PDF-in hakimiyyəti hələ davam edə bilər.
