Huawei şirkətinin İdarə Heyətinin sədri Syu Çjitszün bildirib ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar Çin yarımkeçirici sənayesinin inkişafını sürətləndirib. Onun sözlərinə görə, məhdudiyyətlər ölkəni xarici texnologiyalardan asılılığı azaltmağa və öz çip istehsalını gücləndirməyə məcbur edib.
Syu qeyd edib ki, 2019-cu ildən tətbiq olunan ixrac məhdudiyyətləri Huawei-ni istehsal və layihələndirmə proseslərini yenidən qurmağa sövq edib. Bu isə təkcə şirkətin deyil, bütövlükdə Çin mikroelektronika sektorunun inkişafını sürətləndirib.
“ABŞ tərəfindən təzyiq olmasaydı, biz buna nail ola bilməzdik”, – deyə Huawei rəhbəri vurğulayıb. Bununla yanaşı, o etiraf edib ki, Çin ən qabaqcıl çip istehsalı texnologiyalarında hələ də dünya liderlərindən bir neçə il geri qalır. Buna baxmayaraq, son illərdə ölkə yarımkeçirici sənayesində ciddi irəliləyiş əldə edib.
