Az | EN

Qazaxıstan startapı Armeta AI 1 milyon dollar investisiya əldə edib

Nigar Sultanli
04 Noyabr 2025 18:16
125 baxış
Qazaxıstan startapı Armeta AI 1 milyon dollar investisiya əldə edib

Startap tikinti layihələrinin yoxlanılması prosesini süni intellekt vasitəsilə avtomatlaşdıran platforma hazırlayır. Startap, həmçinin Amerika-Qətər vençur fondundan 1 milyon dollar investisiya cəlb etməyi bacarıb.

Armeta AI platforması tikinti layihələrinin ekspertizasını və razılaşdırılmasını avtomatlaşdırır. Bu, bütün dünyada hökumət qurumları və iri tikinti şirkətləri (developerlər) üçün ən çətin və çox vaxt aparan proseslərdən biridir. Startap ABŞ-də qeydiyyatdan keçən Armeta Inc. şirkətinə məxsusdur və Temirlan Rəhmətjanov, Sancar Rəhmətjanov və Nuralı Baqtıqaliyev tərəfindən təsis edilib.

2025-ci ilin iyulunda qurulan Armeta AI-nin artıq San-Fransisko, Astana və Dohada ofisləri var. Startapın məqsədi dövlət orqanlarının və iri müəssisələrin ən vacib iş proseslərini süni intellektlə avtomatlaşdırmaqdır. Komanda ilk hədəf olaraq tikintiyə icazələrin verilməsi sistemini seçib. Çünki bu sistem, hər bir ölkədə infrastrukturun inkişaf tempinə və investisiya mühitinə birbaşa təsir göstərir.

Yüksək dəqiqlik əldə etmək üçün startap həm öz fundamental süni intellekt modellərini yaradır, həm də "multi-agent" (çoxnümayəndəli) texnologiyalardan istifadə edərək açıq mənbəli həlləri təkmilləşdirir. Qəbul olunduqları Alchemist Accelerator proqramı isə B2B (biznesdən-biznesə) və "deep-tech" sahəsində fəaliyyət göstərən startaplar üçün dünyanın aparıcı proqramlarından biri hesab olunur.

Armeta AI-nin növbəti hədəfi Özbəkistan, Azərbaycan, BƏƏ və Səudiyyə Ərəbistanında yeni bölmələr açmaqdır. Bu məqsədlə, startap yaxın zamanda Azərbaycanda törəmə müəssisəsini qeydiyyatdan keçirməyi və yerli bazara daxil olmağı planlaşdırır. Komanda artıq bəzi təqdimatlar üçün ölkəmizə dəvət alıb və Azərbaycan hökuməti, eləcə də bir neçə iri yerli şirkətlə uzunmüddətli tərəfdaşlıq qurmağı hədəfləyir.

Qeyd edək ki, təsisçilərdən biri olan Sancar Rəhmətjanov Qazaxıstanda sənaye texnologiyaları sahəsində tanınmış bir sahibkardır. Onun oğlu Arlan Rəhmətjanov isə məşhur Y Combinator proqramını bitirən və Silikon Vadisinin aparıcı fondlarından 6.5 milyon dollar investisiya cəlb edən Nozomio startapının qurucusudur. Bu uğurlar Qazaxıstanın "deep-tech" ekosistemində yeni bir səhifə açır və Armeta AI-ni ölkənin qlobal texnologiya xəritəsindəki növbəti uğur hekayəsinə çevirir

© copyright 2022 | tech.az | info@tech.az