Az | EN

"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

Cəmil Hüseynzadə
17 Mart 2026 15:36
40 baxış
"ASAN xidmət"in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı, "Expressbank"ın sponsorluğu ilə həyata keçirilən “RoboCode III” robotik kodlama düşərgəsi yekunlaşıb.
Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, ekosistemin inkişafı üzrə mütəxəssis Nida Emin Kirişçi, “SAHA Robotics” şirkətinin Robototexnika davranış və naviqasiya sistemləri rəhbəri  Burak Can Kaya, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Düşərgə müddətində formalaşan və final mərhələsinə keçən 5 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qaliblər “SAHA Robotics” şirkətində təcrübə proqramında iştirak etmək, “Bilişim Vadisi”ndə 1 illik ofis imkanından yararlanmaq hüququ qazanıblar. Bundan əlavə, layihəsini tam şəkildə inkişaf etdirərək tamamlayan qalib komanda “Take Off İstanbul” startap sammitində iştirak imkanı əldə edəcək.
Bir ay davam edən düşərgəyə ümumilikdə 150-dən çox  müraciət daxil olub və kriteriyalara əsasən seçilmiş 105 iştirakçıya onlayn və fiziki formatda təlimlər keçirilib. Təlim proqramına “ROS 2-in əsasları”, “SLAM alqoritmləri”, “ROS 2 alətləri və Gazebo-da fərdi mühitin yaradılması” kimi texnoloji mövzularla yanaşı, sahibkarlıq və komanda quruculuğu istiqamətində təlimlər də daxil olub.
2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 924 müraciət qəbul edilib, 300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. 
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir.  Məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşmaq və karyera qurmaq istəyən gəncləri “ROS” (Robot Operating System) ekosisteminə dair bilik və bacarıqlarla təmin etməkdir. İnnovativ həllərin təşviqi ilə iştirakçılara bu sahədə layihələrini inkişaf etdirməyə dəstək göstərmək də prioritet istiqamətlərdəndir.

© copyright 2022 | tech.az | info@tech.az