Google-un axtarış sisteminə əlavə etdiyi süni intellekt əsaslı “xülasə kartları” bir çox media orqanları üçün ciddi problemlər yaradıb. İndi insanlar axtardıqları məlumatların cavablarını Google-un süni intellektindən birbaşa alırlar və nəticədə saytları ziyarət etmək zərurəti yaranmır. Bu isə media orqanlarının saytlarına daxil olan trafikdə kəskin azalmaya və reklam gəlirlərinin azalmasına səbəb olur.
Məsələn, dünyanın ən böyük xəbər saytlarından biri olan The New York Times 2022-ci ildə üzvi axtarışdan aldığı trafik 44% idisə, 2025-ci ilin aprelində bu göstərici 36.5%-ə düşüb. Zərər daha çox praktik məzmun təqdim edən saytları – reseptlər, səyahət bələdçiləri, sağlamlıq məsləhətləri və təlimatlar paylaşan platformaları əhatə edir.
Google isə bu iddiaları rədd edir və bildirir ki, süni intellekt funksiyalarının tətbiqi ümumi trafiki artırır və istifadəçilərin maraqlarına xidmət edir. Lakin media nümayəndələri vurğulayırlar ki, bu sistem əsasən Google-un öz maraqlarına xidmət edir. İnsanlar artıq məqaləni oxumadan, birbaşa xülasədən məlumatı alır və saytları ziyarət etmir.
Bəzi böyük media qurumları yeni reallığa uyğunlaşmaq üçün addımlar atırlar. Məsələn, The New York Times öz arxivini Amazon-un süni intellekt təliminə təqdim edib. The Atlantic isə OpenAI ilə əməkdaşlıq edir. Yeni platforma Perplexity isə süni intellekt cavablarında istifadə etdiyi məqalələrə görə media orqanları ilə reklam gəlirlərini paylaşmağa hazır olduğunu bildirir.
Bu dəyişikliklər fonunda media rəhbərləri xəbərdarlıq edirlər: əgər media sənayesi özünü yeniləməzsə, jurnalistika sabit maliyyə dəstəyini itirə və davamlılığı təhlükə altına düşə bilər.