Az | EN

"OpenAI"nin təqdim edəcəyi açıq süni intellekt modeli yayın sonuna qədər təxirə salındı

Nigar Sultanli
11 İyun 2025 10:36
1829 baxış
"OpenAI"nin təqdim edəcəyi açıq süni intellekt modeli yayın sonuna qədər təxirə salındı

"OpenAI"nin illər sonra təqdim edəcəyi ilk açıq süni intellekt modelinin buraxılışı təxirə salınıb. Bu barədə şirkətin baş icraçı direktoru Sam Altman 10 iyun tarixində sosial platforma X-də paylaşım edərək məlumat verib.

Altmanın sözlərinə görə, gözlənilən açıq çəki modelləri (open-weights model) iyun ayında deyil, yayın sonlarına doğru təqdim olunacaq:

“Açıq modelimiz üzərində bir az daha çox işləməliyik. Tədqiqat komandamız gözlənilməz və heyrətamiz nəticələr əldə etdi. Düşünürük ki, bu modelə bir az daha zaman ayırmağa dəyər,” – Altman bildirib.

"OpenAI"nin təqdim etməyə hazırlaşdığı model, şirkətin "o-seriyası" modellərinə bənzər səbəbləmə (reasoning) qabiliyyətlərinə malik olacaq. Məqsəd, DeepSeek-in R1 modeli kimi digər qabaqcıl açıq süni intellekt modellərini performans baxımından üstələməkdir.

Şirkət modelin yalnız texniki göstəricilərini artırmaqla kifayətlənmir – eyni zamanda, onun funksionallığını genişləndirmək üçün əlavə xüsusiyyətlər də müzakirə olunub. TechCrunch-ın əvvəlki məlumatına əsasən, OpenAI rəhbərliyi bu modelin, daha mürəkkəb suallar üçün bulud əsaslı GPT modelləri ilə əlaqə yaratmasını təmin edə biləcək texnologiyaları araşdırır. Lakin bu xüsusiyyətlərin son versiyaya daxil olub-olmayacağı hələlik məlum deyil.

OpenAI bu modeli təqdim etməyə hazırlaşarkən, sahədəki rəqabət də artmaqdadır. Mistral adlı başqa bir AI laboratoriyası 10 iyun tarixində Magistral adlı ilk süni intellekt səbəbləmə modelini təqdim edib. Aprel ayında isə Çin mənşəli Qwen laboratoriyası zamanla adaptasiya olunan, yəni həm dərindən düşünə, həm də sürətli cavablar verə bilən hibrid modellərini ictimaiyyətə açıqlayıb.

Altman daha əvvəl OpenAI-nin açıq mənbə məsələsində “tarixin yanlış tərəfində” yer aldığını etiraf etmişdi. Şirkət bu imicini dəyişmək üçün yeni açıq modelin həm akademik, həm də texniki cəhətdən inandırıcı və müasir olmasına xüsusi önəm verir.

Yeni açıq modelin yay aylarının sonuna qədər təqdim olunması gözlənilir. Bu, OpenAI üçün yalnız texniki inkişaf deyil, həm də ictimai və elmi ictimaiyyətlə münasibətlər baxımından strateji əhəmiyyət daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az