Az | EN

"Qarabağ" Futbol Klubunun saytında yenilik var

Cəmil Hüseynzadə
11 İyul 2024 12:08
227 baxış
"Qarabağ" Futbol Klubunun saytında yenilik var

"Qarabağ" Futbol Klubunun saytı yenilənib. Yenilənmənin əsas səbəbi həssas quruba daxil olan şəxslərin saytın bütün funksiyalarından rahat istifadə edə bilməsinə imkan yaratmaqdır. Sayta yeni əlavə edilən vidcet ilə istifadəçilər mətnlərin ölçüsünü böyüdə, saytın rəngini dəyişə, tərcümə edə və s. bilərlər. 

Yenilənmə haqqında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev LinkedIn hesabında paylaşım edib:

""Qarabağ" Futbol Klubu olaraq, daha bir vacib yeniliyə imza atdıq. Rəsmi saytımızın rəqəmsal əlçatanlıq imkanlarının genişləndirilməsi və funksionallağının artırılması məqsədilə yeni vidcet istifadəyə verildi: sağlamlıq imkanları məhdud istifadəçilərimiz üçün “Müyəssərlik vidcet”i fəaliyyətə başladı. Bu, klubumuzla “Corpowid” şirkəti arasında əməkdaşlıq sayəsində gerçəkləşdi.

Şirkətin hazırladığı bu “rəqəmsal məhsul” əlilliyi və fiziki məhdudiyyəti olan istifadəçilər üçün nəzərdə tutulub. Saytımızdakı məlumatlar vidcet vasitəsilə onlar üçün əlçatan olacaq. Fiziki məhdudiyyətli, inklüziv şəxslər arasında futbolu, xüsusilə komandamızı sevən on minlərlə insan var. İstifadəyə verilən çoxfunksiyalı vidcet əlilliyi olan istifadəçilər – epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnotiv pozğunluğu olan istifadəçilər üçün nəzərdə tutulub. Yenilik görmə məhdudiyyətlilərin yazıları rahat oxumasına, mətnlərin tərcüməsi və böyudülməsinə, ağ-qara rejimə keçidə, şəkillərin və əlavə səslərin kəsilməsi kimi çoxsaylı funksiyaların tətbiqinə imkan yaradacaq."

© copyright 2022 | tech.az | info@tech.az